
Bakı. Trend:
Avropa İttifaqının Müdafiə Fondu hərbi texnologiyalar sahəsində,
o cümlədən süni intellektin (Sİ) tətbiqi istiqamətində 225
innovativ layihənin həyata keçirilməsi üçün artıq 5,4 milyard avro
vəsait ayırıb.
Trend xarici KİV-ə
istinadən xəbər verirki , bu barədə Aİ-nin müdafiə üzrə komissarı
Andryus Kubilyus Brüsseldə keçirilən təhlükəsizlik üzrə konfransda
deyib.
“Biz investisiya fondlarımız vasitəsilə hərbi innovasiyaları
dəstəkləyirik. Avropa Müdafiə Fondu Avropada hərbi texnologiyalara
yatırım edən üçüncü ən iri investordur və artıq 225 layihə üçün 5,4
milyard avro ayırıb”, – deyə o qeyd edib.
Kubilyus dəqiqləşdirib ki, bu vəsaitdən 800 milyon avro hərbi
sektorda süni intellektin tətbiqi ilə bağlı layihələrə yönəldilib.
Onun sözlərinə görə, xüsusilə zərbəçi PUA-larından ibarət
qarşılıqlı fəaliyyət göstərən dron sürülərinin yaradılması, nitqin
tanınması və rabitə ilə radioəlaqənin sinxron tərcüməsi sistemləri,
hədəflərin tanınması və seçilməsi funksiyalarına malik artırılmış
reallıq elementləri olan görmə sistemləri, eləcə də neyron
şəbəkələrin monitorinq və kəşfiyyat sistemlərinin bütün növlərinə
inteqrasiyası üzərində iş aparılır.

