
Əbu-Dabi. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın
2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx
Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.
Trend xəbər verir ki, söhbət
zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa
əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün
sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin
bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə
inkişafından məmnunluq ifadə olundu, münasibətlərimizin
genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə
qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edildi.
Görüşdə Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin
Silahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə
əməliyyat-taktiki təliminin əhəmiyyətinə toxunuldu, bu təlimlərin
iki ölkənin Silahlı qüvvələri arasında operativ hərbi uyğunluğun
inkişafına töhfə verəcəyinə əminlik bildirildi və bunun gələcəkdə
də davam etdirilməsinin önəmi vurğulandı.
Dövlət başçıları əlaqələrimizin perspektivlərinə və gələcək
təmaslara dair fikir mübadiləsi apardılar.
Sonra Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz
Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət
payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin
investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqı
müqaviləsinə dair sənəd imzalandı.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə
Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət
məktubu da imzalanıb.
Azərbaycan və BƏƏ prezidentləri bu sənədlərin ölkələrimiz
arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə
əminliklərini bildirdilər.
Söhbət zamanı Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma
münasibətlərinin yaradılması məsələləri də qeyd edildi.

