
Bakı. Trend:
AZCON Holdinq şirkətlərindən olan “Aztelekom” MMC beynəlxalq
internet trafikinin magistral fiber-optik şəbəkə üzərindən
daşınması üçün infrastruktur bazasını gücləndirir.
Belə ki, cari aydan etibarən şirkət mövcud yüksəktutumlu
fiber-optik ötürmə texnologiyasına əsaslanan şəbəkəsinin (DWDM)
genişləndirilməsinə və müvafiq proqram təminatlarının yenilənməsinə
başlayır.
“Huawei” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək
layihənin ilk mərhələsində avadanlığın müvafiq məntəqələrdə
quraşdırılması və mövcud şəbəkə ilə inteqrasiyası nəzərdə tutulur.
Növbəti mərhələdə beynəlxalq trafikin yeni avadanlıqlar üzərindən
daşınmasına keçid təmin ediləcək. Ümumilikdə layihənin cari ilin
3-cü rübü ərzində yekunlaşması planlaşdırılır.
“Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən
Ömərov layihənin təqdimatı zamanı bildirib ki, bu təşəbbüsün icrası
nəticəsində Azərbaycanın Şimal – Cənub və Qərb rəqəmsal tranzit
dəhlizlərinin əsas komponenti kimi mövqeyi daha da möhkəmlənəcək və
bu, ölkəmizin beynəlxalq rəqəmsal mühitdə rəqabət qabiliyyətinin
artırılmasına mühüm töhfə verəcək.

