Martdan etibarən qripə yoluxmalar azalacaq – Səhiyyə Nazirliyi

Baş səhifə

Bakı. Trend:

Hər il olduğu kimi qış aylarında qripə yoluxma hallarının bir
qədər çox olduğunu müşahidə edirik. Epidemioloji qanunauyğunluqlar
əsasında deyə bilərik ki, mart ayında və daha sonra qripə yoluxma
hallarının azalması gözlənilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, ölkədə epidemioloji durum müvafiq səhiyyə
qurumları tərəfindən ciddi izlənilir:

“Aparılan müşahidə və tədqiqatlar hazırda qrip infeksiyası ilə
əlaqədar epidemioloji vəziyyətin nəzarət altında olmasını göstərir.
Bu hallarda əlavə tədbirlərə ehtiyac duyulmur. Qripin ağırlaşmaları
5 yaşın altında olan uşaqlar ilə yanaşı digər risk qruplarında da
müşahidə edilir. Bunlara hamilələr, 65+yaşlı insanlar və müxtəlif
səbəbli immundefisiti və ağır yanaşı xroniki xəstəlikləri olan
şəxslərdir. Vaksinasiya qeyd edilən bütün risk qruplarına daxil
olan insanlar üçün ciddi tövsiyə olunur. Ən çox rast gələn
ağırlaşmalar əsasən pnevmoniya, həmçinin uşaqlarda orta qulağın
iltihabı təsadüf olunur. Qripə qarşı vaxtında edilmiş vaksinasiya
yoluxma hallarında xəstəliyin asimptomatik, bəzən yüngül və
fəsadsız keçməsinə səbəb olur. Vaksin eyni dərəcədə bütün
fəsadlardan şəxsi qoruyur və risk qruplarına daxil olan insanların
peyvənd olunması bu məqsədi daşıyır”.

Təyyar Eyvazov qeyd edib ki, ümumi gigiyena tədbirlərinə əməl
olunması tövsiyə olunur:

“Əllərin tez-tez və ən azı 20 saniyə sabun və su ilə yaxşıca
yuyulması (bu, bütün ailə üzvlərinə, xüsusən öskürmədən,
asqırdıqdan sonra və ya körpələrlə təmasdan əvvəl aiddir). Tənəffüs
yollarının gigiyenasına riayət edilməsi: öskürərkən və asqırarkən
ağzı və burnu əllərlə deyil, birdəfəlik salfet və ya dirsəklə
bağlanmalıdır. Xəstə insanlarla yaxın təmasdan çəkinmək lazımdır.
Tez-tez istifadə olunan əşyaların və səthlərin (qapı tutacaqları,
oyuncaqlar) müntəzəm təmizlənməsi vacibdir. Kəskin respirator virus
infeksiyası epidemiyaları dövründə insanların böyük izdihamından
yayınmalı, xəstə insanlar (xüsusilə uşaqlar) mümkünsə evdə qalmalı
və risk qrupuna aid insanlarla (körpələr, yaşlılar) təmasdan
çəkinməlidirlər.




Körpələr üçün ana südü ilə qidalanmanın davam etdirilməsi
vacibdir, çünki ana südü qoruyucu faktorları ehtiva edir.

TƏBİB-dən isə mövzu ilə bağlı bildirilib ki, payız-qış
mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin
respirator virus infeksiyalarının, habelə qripin yayılmasının
qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əksepidemik
tədbirlər həyata keçirilir.

“8 oktyabrdan 28 yanvaradək TƏBİB-in tabeliyində olan tibb
müəssisələrində ümumilikdə 27 271 nəfər qrip əleyhinə peyvənd
olunub.

Onlardan 0-17 yaş aralığı 4 219 nəfər, 18-59 yaş aralığı 16 875
nəfər, 60 yaş və yuxarı isə 6 177 nəfərdir”.

Qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən
yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan
“Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq
istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına,
Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin
səhiyyə müəssisələrinə müraciət edə bilər. Peyvəndlənmə könüllülük
prinsipi əsasında aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir