Türkiyə və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılığa gəldilər

Baş səhifə

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qazaxıstanın
xarici işlər naziri Yermek Koşerbayev fevralın 2-də Ankarada
keçirilən Strateji Planlaşdırma üzrə Birgə Qrupun (JSPG) 8-ci
iclasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın
dərinləşdirilməsi barədə razılığa gəliblər.

Trend bu barədə
Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, görüş zamanı tərəflər ticarət və investisiyalar,
mədəniyyət və təhsil, enerji təhlükəsizliyi, regional
əlaqələndirmə, səhiyyə, ekologiya, terrorizmə qarşı mübarizə,
müdafiə və müdafiə sənayesi daxil olmaqla geniş spektr üzrə
Türkiyə-Qazaxıstan münasibətlərinin daha da möhkəmləndirilməsi
yolları barədə fikir mübadiləsi aparıblar.

“Türkiyə ilə Qazaxıstan arasında diplomatik münasibətlərin
qurulmasının 34-cü ildönümünü qeyd edərək və ortaq tarix, dil və
mədəniyyəti qardaşlıq əməkdaşlığının əsası kimi vurğulayaraq,
xarici işlər nazirləri iki ölkə arasında genişləndirilmiş strateji
tərəfdaşlığa uyğun olaraq çoxşaxəli əməkdaşlığın daha da
dərinləşdirilməsinə sadiqliklərini təsdiqləyiblər.

Tərəflər möhkəm ikitərəfli əlaqələri və qarşılıqlı etimadı əks
etdirən yüksək səviyyəli səfərlərin intensivliyindən
məmnunluqlarını ifadə ediblər. Onlar bu cür təmasların müxtəlif
sahələrdə əməkdaşlığın dərinləşməsinə töhfə verdiyini vurğulayaraq,
bu dinamikanın qoruyub saxlamaq niyyətlərini təsdiqləyiblər”, –
deyə nazirliyin məlumatında bildiririlir.

Məlumata görə, tərəflər iqtisadi əməkdaşlığın prioritet
istiqamətlərini, o cümlədən ticarət və investisiyaların
sadələşdirilməsi və şaxələndirilməsi, texnologiya transferinin
təşviqi və kənd təsərrüfatında birgə investisiyalar, ekologiya,
səhiyyə, elm və texnologiyalar sahələrində, xüsusilə
kibertəhlükəsizlik, süni intellekt, rəqəmsallaşma və kosmos
istiqamətlərində əməkdaşlığın genişləndirilməsini müzakirə
ediblər.

Qeyd olunur ki, energetika sahəsində, enerji resursları ilə
ticarət və birgə layihələrin icrası istiqamətində əməkdaşlığın
əhəmiyyəti də vurğulanıb. Buraya dəyər zənciri boyunca neft-qaz
infrastrukturu, təmiz enerji istehsalı, elektrik enerjisinin
ötürülməsi, eləcə də faydalı qazıntıların, xüsusilə zəruri
mineralların və nadir torpaq elementlərinin kəşfiyyatı, hasilatı və
emalı üzrə birgə təşəbbüslər daxildir.

“Transxəzər Şərq–Qərb Orta Dəhlizinin Mərkəzi Asiya ölkələrini
Türkiyə vasitəsilə xarici bazarlarla birləşdirən dayanıqlı və
etibarlı nəqliyyat-enerji marşrutu kimi əhəmiyyətini qəbul edərək,
nazirlər regional əlaqələndirmənin inkişafı üzrə əməkdaşlığın həm
ikitərəfli formatda, həm də Türkiyə, Qazaxıstan və Azərbaycan
xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli mexanizmi
çərçivəsində, eləcə də regional və beynəlxalq platformalarda, ilk
növbədə Türk Dövlətləri Təşkilatında (TDT) dərinləşdirilməsinə
sadiqliklərini təsdiqləyiblər.

Qazaxıstanın Türkiyənin Mərkəzi Asiyada ən böyük ticarət
tərəfdaşı olaraq qaldığını vurğulayan nazirlər 25 aprel 2024-cü il
tarixində Ankarada keçirilmiş Birgə İqtisadi Komissiyanın 13-cü
iclasının Fəaliyyət Planının icrasında əldə olunan irəliləyişi qeyd
ediblər.”

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər sülh
və təhlükəsizliyə qarşı yeni təhdidlərə, o cümlədən terrorizmin
bütün formalarına, transmilli mütəşəkkil cinayətkarlığa və digər
çağırışlara qarşı mübarizə məqsədilə əlaqələndirilmiş fəaliyyət
barədə razılığa gəliblər.

Qeyd olunur ki, onlar həmçinin müdafiə sahəsində sıx
əməkdaşlığa, hərbi-texniki qarşılıqlı fəaliyyətə və müvafiq
qurumlar arasında müntəzəm hərbi dialoq görüşlərinə görə
məmnunluqlarını ifadə edərək, birgə müəssisələr vasitəsilə
Qazaxıstanın müdafiə sənayesinin modernləşdirilməsinin vacibliyini
təsdiqləyiblər.

“Xarici işlər nazirləri vurğulayıblar ki, xalqlar arasında
təmaslar ikitərəfli münasibətlərin möhkəm əsaslarından biridir. Bu
cür qarşılıqlı fəaliyyətə nümunə kimi Türkistan şəhərində yerləşən
Əhməd Yasəvi adına Beynəlxalq Qazax–Türk Universiteti, Astanadakı
Yunus Əmrə adına Türk Mədəniyyət Mərkəzi və qazaxıstanlı tələbələr
üçün nəzərdə tutulan “Türkiye Scholarships” təqaüd proqramı
göstərilib.

Nazirlər Astanada və Almatıda “Maarif” fondunun məktəblərinin
yaradılması istiqamətində əldə olunan irəliləyişi alqışlayaraq,
təhsil və mədəniyyət tərəfdaşlıqlarına dəstəyin davam etdirilməsi
barədə razılığa gəliblər.

Tərəflər təhsil və elm sahəsində, xüsusilə ali və orta ixtisas
təhsili müəssisələri arasında əməkdaşlığı, o cümlədən tədqiqatçı və
mütəxəssislərin mübadiləsini təşviq ediblər.




TİKA və KazAID ilə əməkdaşlıq çərçivəsində tərəflər Mərkəzi
Asiyada dayanıqlı inkişafın təşviqini və üçüncü ölkələrə birgə
yardım layihələrinin həyata keçirilməsini dəstəklədiklərini
bildiriblər”, – deyə məlumatda deyilir.

Vurğulanır ki, Türkiyənin xarici işlər naziri 6 fevral 2023-cü
il tarixində baş vermiş dağıdıcı zəlzələlərdən sonra göstərdiyi
həmrəyliyə və qardaşlıq dəstəyinin rəmzi olaraq Qaziantepin Nurdağı
rayonunda məktəb inşa etdiyinə görə qardaş Qazaxıstana
minnətdarlığını ifadə edib.

“Tərəflər səhiyyə sahəsində sıx və konstruktiv əməkdaşlığı
alqışlayaraq, institusional qarşılıqlı fəaliyyət, potensialın
artırılması və təcrübə mübadiləsi hesabına bu əməkdaşlığın
dərinləşdirilməsi niyyətlərini bildiriblər.

Nazirlər qlobal sabitliyin və tolerantlığın
möhkəmləndirilməsində Dünya və Ənənəvi Din Liderləri Qurultayının
fəaliyyətini yüksək qiymətləndiriblər.

Türk Dövlətləri Təşkilatının təsisçi dövlətləri olan Türkiyə və
Qazaxıstan TDT-nin və digər türk strukturlarının gücləndirilməsi
məqsədilə əməkdaşlığın genişləndirilməsinə qətiyyətlərini
təsdiqləyiblər.

Tərəflər həmçinin “Türk dünyası – 2040 Baxışı”nınn həyata
keçirilməsi üzrə birgə səylərin aktivləşdirilməsi niyyətini bir
daha bəyan ediblər.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə
Müşavirənin (CICA) təsisçi dövlətləri kimi tərəflər CICA-nın Asiya
kimliyini qorumaqla tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini
dəstəklədiklərini bildiriblər”, – deyə nazirlik əlavə edib.

Qeyd olunur ki, tərəflər BMT, ATƏT, İƏT kimi beynəlxalq
platformalarda qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin
vacibliyini vurğulayaraq, beynəlxalq təşkilatlarda bir-birlərinin
namizədliklərini dəstəkləmək barədə razılığa gəliblər.

“Xarici işlər nazirləri Əfqanıstan, Qəzza, Ukrayna və Suriya da
daxil olmaqla cari regional və beynəlxalq hadisələri müzakirə
ediblər.

Onlar Qəzzada müharibənin dayandırılması üzrə Kompleks Sülh
Planının ikinci mərhələsinin başlanmasını alqışlayaraq, BMT
Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi ilə təsdiqlənmiş Sülh
Şurasının yaradılmasının daimi atəşkəsə nail olunmasına, Qəzzanın
bərpasına və iki dövlətli həllin irəlilədilməsinə yeni təkan
verdiyini vurğulayıblar.

Nazirlər Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbul
və davamlı şəkildə nizamlanmasının vacibliyini qeyd edərək, türk
kiprlilərin türk dünyasının ayrılmaz hissəsi kimi bərabər
hüquqlarını reallaşdırmaq istəklərini tanıdıqlarını bildiriblər”, –
deyə Türkiyə XİN-in məlumatında bildirilib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir