
Bakı.Trend:
Son dövrlərdə Azərbaycanda tərəvəz bazarında qiymətlərin
nisbətən aşağı olması həm istehlakçıların, həm də satıcıların
diqqət mərkəzindədir. Bazarlarda bəzi meyvə və tərəvəzlər hər
zamankından aşağı qiymətə təklif edilir.
Hazırda Azərbaycan bazarlarında kənd təsərrüfatı məhsullarında
qiymətlərin aşağı olmasının səbəbləri nədir?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər
Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, mövsümi bolluq, yerli
istehsalın artması və bazara çıxarılan məhsul həcminin çoxalması
qiymətlərin stabilləşməsinə, bəzi hallarda isə əhəmiyyətli dərəcədə
ucuzlaşmasına səbəb olub.
“Bu tendensiya əhalinin gündəlik tələbat məhsullarına daha
əlçatan qiymətlərlə çıxışını təmin etməklə yanaşı, bazarda
rəqabətin güclənməsini də şərtləndirir.
Son dövrlərdə bəzi tərəvəz məhsullarının qiymətlərində
stabilləşmə, bəzilərində isə enmə müşahidə edilir. Xüsusilə də
hazırda pomidorun satış qiymətində azalma olub. Bunun səbəbi odur
ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları daha çox daxili bazara
yönəlib. Məhsullar daxili bazara yönəldiyi üçün bazarda bolluq
yaranıb”.
İqtisadçı bildirib ki, Novruz bayramı öncəsi məhsulların
qiymətlərində yenidən artım müşahidə ediləcək.
“Hazırda tərəvəz qiymətləri daxili bazarda əlçatandır.
Supermarketlərdə kartof 1–1,5 manat, soğan 0.50–1 manat, yer kökü
0.80–1.20 manat, çuğundur 0.70–1.10 manat, pomidor 0.70–2 manat
aralığında təklif edilir”.
V. Oruc Azərbaycanın meyvə-tərəvəz bazarında mövcud olan bir
xüsusiyyəti də vurğulayıb:
“Azərbaycanda fermerlər ötən il çox qazanc əldə edilən məhsulun
növbəti il də əkilib-becərilməsinə, satışına maraqlı olur. Amma bu
strategiya hər zaman özünü doğrultmur. Bu zaman eyni məhsulun
bazarda bolluğu səbəbindən rəqabət yüksək olur və qiymətlərdə
azalma baş verir. Hazırda meyvə-tərəvəz bazarındakı qiymətlərin
fevralın sonunadək eyni qalacağı qənaətindəyəm”.
Vüqar Oruc əlavə edib ki, qiymətlərdəki ucuzluq təbii
yetişdirilən məhsullarla parnik məhsullarının bazara eyni anda
daxil olması ilə də bağlıdır.

