
Bakı. Trend:
Azərbaycan qanunvericiliyində işçilərin əmək müqaviləsinə şirkət
tərəfindən hansı hallarda xitam verilə biləcəyi müəyyənləşib.
Trend-in
xəbərinə görə, əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı
əsaslarla xitam verilə bilər:
- müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin
fəaliyyətinə xitam verildikdə; - işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
- peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət
dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi
barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul
edildikdə; - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə
öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud
şəkildə pozduqda; - sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
- dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın
yaş həddinə çatdıqda.
Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud
şəkildə pozulması hesab edilir:
- özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat
etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü
işə gəlməməsi - alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və
digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi,
habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya
maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə
maddi ziyan vurması; - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin
mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət
yetirməsi və ya onların bu səbəbdən həlak olması; - dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu
sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə
yetirməməsi; - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq
pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya
mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; - əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən
verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində
təkrarən əmək funksiyasını pozması; - iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya
cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; - “Fərdi məlumatlar haqqında” Qanuna əsasən konfidensial hesab
edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması.
Yuxarıda sadalanan hallarda da əmək müqaviləsinə işəgötürən
tərəfindən xitam verilə bilər.
Məlumat üçün bildirək ki, yuxarıda “səlahiyyətli orqan” dedikdə
işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq
səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək
məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan
attestasiya komissiyası, dövlət məktəbəqədər və ümumi təhsil
müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə
digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və
praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin
sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) başa düşülür.

