KOB-lar üzrə ödənişlərin rəqəmsallaşdırılmasının təşviqi getdikcə daha vacib hala gəlir – “ Mastercard”

Baş səhifə

Bakı. Trend:

Kiçik və Orta Müəssisələr (KOB-lar) Azərbaycan iqtisadiyyatının
mühüm hissəsini təşkil edir. Buna görə də onların həyata keçirdiyi
və qəbul etdiyi ödənişlərin rəqəmsallaşdırılması nağdsız
iqtisadiyyatın inkişafını sürətləndirir.

Trend xəbər
verir ki, bu barədə “Mastercard”ın Azərbaycan Respublikasının
Mərkəzi Bankı (AMB) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda
rəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədində
bildirilib.

Məlumatda əvvəlki illərin statistic göstəriciləri xatırladılıb
və qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət Statistika
Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ilin sonuna ölkədə 377
842 KOB fəaliyyət göstərir və onların yaratdığı əlavə dəyər həcmi
17,2 milyard manat təşkil edir.

“Son illərdə hökumət KOB-ların rəqəmsallaşmasını sürətləndirmək
və paralel olaraq istehlakçıların rəqəmsallaşmasını dəstəkləmək
məqsədilə mühüm addımlar atıb. Əsas təşəbbüslər sırasında 2018-ci
ildə KOBİA-nın yaradılması, KOB Evləri vasitəsilə müvafiq dəstək
mexanizmlərinin təmin edilməsi, eləcə də bu xidmətlərin rəqəmsal
kanallar üzərindən əlçatan olması üçün “Elektron KOB Evi”nin
istifadəyə verilməsi yer alır. Bundan əlavə, KOB-ların maliyyə
inklüzivliyini artırmaq məqsədilə subsidiyalı kredit proqramları
həyata keçirilib.




KOB-ların rəqəmsallaşmasını və kreditlərə çıxışını daha da
dəstəkləmək üçün mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasını
nəzərdə tutan normativ tənzimləmə qəbul edilib və bu istiqamətdə
işlər davam etdirilir. Eyni zamanda,2020-ci ildən etibarən
dövriyyəsi müəyyən həddi aşan KOB-lar üçün POS terminalın
quraşdırılması məcburi edilib ki, bu da bazarda qəbul nöqtələrinin
sayının artırılmasına xidmət edir”, – məlumatda vurğulanıb.

Bildirilib ki, KOB-lar rəqəmsallaşma yolunda mühüm irəliləyişlər
əldə etsələr də, hələ də istehlakçılarla müqayisədə geri qalır və
böyük inkişaf potensialına malikdirlər: “Müxtəlif göstəricilər
onların iqtisadi töhfəsi və rəqəmsallaşma səviyyəsi barədə daha
aydın təsəvvür yaradır. Məsələn, Azərbaycanda bank xidmətlərindən
istifadə edən KOB-ların payı 85–90% təşkil etdiyi halda, bu
göstərici Gürcüstanda, Türkiyədə və Qazaxıstanda 95–99%
səviyyəsindədir. Digər mühüm göstərici KOB başına düşən biznes
kartlarının sayıdır: Azərbaycanda 0,2, Qazaxıstanda 0,3,
Gürcüstanda 1, Türkiyədə isə 2.

Nağdsız iqtisadiyyatın əsas elementlərindən biri olan
ödənişlərin qəbulu baxımından da Azərbaycan əhəmiyyətli artım
potensialına malikdir. Hazırda ölkədə hər 1 000 nəfərə 8,5 POS
terminal düşür. Halbuki bu göstərici Gürcüstanda 23,6, Qazaxıstanda
51,6, Türkiyədə isə 60,7 təşkil edir”.

“Nəticə etibarilə, KOB-lar üzrə ödənişlərin
rəqəmsallaşdırılmasının təşviqi getdikcə daha vacib hala gəlir.
Rəqəmsal alətlərin geniş tətbiqi məşğulluğun artmasına, iqtisadi
inkişafın sürətlənməsinə, kreditlərə çıxışın yaxşılaşmasına və
KOB-ların büdcə gəlirlərinə töhfəsinin güclənməsinə imkan yarada
bilər. Bu irəliləyişlər rəqəmsallaşmanın davamlı inkişafı üçün
uzunmüddətli investisiya kimi qiymətləndirilir. Qlobal trendlər də
göstərir ki, istehlakçıların rəqəmsallaşmasının
sürətləndirilməsindən sonra növbəti mərhələ adətən bu uğurun davamı
olaraq KOB-ların rəqəmsallaşdırılmasına fokuslanır”, – məlumatda
qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir