2027-ci ildə rəqəmsal ödəniş istifadəçilərinin qlobal sayı ilə bağlı proqnozlar təqdim olundu

Baş səhifə

Bakı. Trend:

2017-2022-ci illər ərzində rəqəmsal ödəniş istifadəçilərin
qlobal miqyasda sayı 70 faiz artaraq, təxminən 4,2 milyarda çatıb
və bu sayın 2027-ci ilə qədər 5,5 milyarda çatacağı gözlənilir.

Trend-in
məlumatına görə, bu barədə “Mastercard” tərəfindən Azərbaycan
Mərkəzi Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Azərbaycanda
rəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədində
deyilir.

“Rəqəmsal ödənişlər rahatlıq, daha yüksək təhlükəsizlik və
maliyyə xidmətlərinə geniş çıxış təmin edərək gündəlik
əməliyyatları daha sürətli və asan idarə olunan edir. 2017–2022-ci
illər ərzində dünyada rəqəmsal ödəniş istifadəçilərinin sayı 70
faiz artaraq təxminən 4,2 milyarda çatıb və 2027-ci ilə qədər 5,5
milyarda yüksələcəyi gözlənilir”, – deyə məlumatda vurğulanır.

Eyni zamanda qeyd olunur ki, biznes üçün rəqəmsal ödənişlər
satış potensialının artmasını, müştərilər üçün daha rahat təcrübəni
və əməliyyat proseslərinin daha səmərəli təşkilini təmin edir,
həmçinin dəyərli analitik məlumatlar təqdim edir:




“Bu üsullardan istifadə edən ticarət subyektləri adətən orta
əməliyyat məbləğinin 10–15 faiz artdığını qeyd edirlər, çünki
istehlakçılar artıq nağd vəsaitlə məhdudlaşmırlar. Bundan əlavə,
onlar beynəlxalq müştərilərə çıxış əldə edir və proses çərçivəsində
xərclərin əhəmiyyətli dərəcədə azalmasına nail olurlar”.

Sənəddə vurğulanır ki, maliyyə institutları xərclərin azalması,
yeni gəlir mənbələrinə çıxış və ödənişlər üzrə daha ətraflı
məlumatlar sayəsində kredit qabiliyyətinin daha dəqiq
qiymətləndirilməsi kimi üstünlüklər əldə edirlər. Onlar həmçinin
istifadəçi fəallığı və etimadını artıran innovativ rəqəmsal həllər
təklif etməklə müştəriləri cəlb edə və saxlaya bilirlər.

Məlumata görə, hökumətlər vergidən yayınmanın azalması hesabına
daha çox gəlir əldə edir, eyni zamanda maliyyə inklüzivliyini
təşviq edir və siyasətin icrasının daha səmərəli təmin olunmasına
nail olurlar.

“Beynəlxalq Hesablaşmalar Bankının (BIS) məlumatlarına əsasən,
rəqəmsal ödənişlərin payının bir faiz bəndi artması – adambaşına
düşən ÜDM-in ikiillik artım tempinin 0,10 bənd yüksəlməsi, eləcə də
qeyri-formal məşğulluğun payının 0,06 bənd azalması ilə
əlaqələndirilir”, – deyə sənəddə qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir