
Bakı. Trend:
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC gənc
istedadların inkişafına dəstək məqsədilə həyata keçirdiyi “Tələbə
Təqaüdü Proqramı”na qeydiyyatı açıq elan edir.
Təşəbbüs Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın
inkişafına dair 2026–2029-cu illəri əhatə edən strateji hədəflərə
uyğun olaraq hazırlanıb. Bu çərçivədə “Azercell”in bu ilki Tələbə
Təqaüdü Proqramı STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat)
istiqamətləri üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Proqram ölkədə İT/İKT, Data Elmi, Analitika, Süni İntellekt və
Maşın Öyrənməsi, Robototexnika, Avtomatlaşdırma, Şəbəkə
Texnologiyaları, Kibertəhlükəsizlik və İnformasiya Təhlükəsizliyi
sahələrində ixtisaslaşmış yeni nəsil kadr potensialının
formalaşdırılmasına töhfə verməyə yönəlib.
“Azercell”in təqaüd proqramında yüksək akademik göstəricilərə
malik bakalavr və magistr pillələri üzrə təhsil alan tələbələr
iştirak edə bilərlər. Təqaüdə 4 illik bakalavr proqramlarının 3-cü
və 4-cü kurs tələbələri, 5 illik bakalavr proqramlarının 4-cü və
5-ci kurs tələbələri, eləcə də magistratura səviyyəsinin 1-ci və
2-ci kurs tələbələri müraciət edə bilərlər.
Müraciətlər 11.02.2026-cı il tarixinədək qəbul olunur.
“Tələbə Təqaüdü Proqramı” üzrə seçim prosesi müraciətlərin ilkin
qiymətləndirilməsi, iştirakçıların bilik və bacarıqlarının
dəyərləndirilməsi, eləcə də müsahibə mərhələlərindən ibarətdir.
Proqram çərçivəsində ən yüksək nəticə göstərmiş bir qrup tələbə
təhsil müddətinin sonunadək şirkətdən təqaüd alacaq. Həmçinin
qaliblər şirkət daxilində potensial təcrübə və iş imkanları ilə
tanış olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, istedadlı gənclərin dəstəklənməsini prioritet
istiqamət kimi müəyyən edən “Azercell” son 16 il ərzində 300-dən
çox tələbəyə təqaüd ayırıb, gənclərin bilik və bacarıqlarının
inkişafına davamlı dəstək olub.
Ətraflı məlumat və müraciət üçün keçid:
“Tələbə Təqaüdü Proqramı 2026”

