
Bakı.Trend:
Cari ilin yanvar ayı ərzində işğaldan azad olunan ərazilər üzrə
ümumilikdə 435 yaşayış məntəqəsi və biznes subyekti
telekommunikasiya xidmətləri ilə təmin edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Aztelekom” MMC-dən
məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı”na əsasən, AZCON Holdinq şirkətlərindən olan
“Aztelekom” MMC tərəfindən fəaliyyət ardıcıl şəkildə həyata
keçirilir:
“Azad edilən ərazilərdə ümumilikdə 9 şəhər, 28 kənd və qəsəbədə
rabitə infrastrukturu qurulub. Bu ərazilərdə 7,937 yeni abunəçi (ev
təsərrüfatı və biznes subyektləri) şəbəkəyə qoşulub.
Ərazilərdə quraşdırılmış 29 OLT (Optik Xətt Terminalı)
avadanlığı vasitəsilə müasir GPON (Qiqabit Tutumlu Passiv Optik
Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet
bağlantısı yaradılıb”.
“Aztelekom” MMC-dən əlavə edilib ki, Qarabağ regionu üzrə
layihənin nəzərdə tutulan mərhələsi çərçivəsində planlaşdırılmış 25
magistral xəttin tikintisi üzrə işlər başa çatdırılıb. Ümumi
uzunluğu 1000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə
bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini
təmin edən əsas baza rolunu oynayır.

