
Bakı. Trend:
Polşanın Zamost şəhərində yerləşən dairə məhkəməsi respublikanın
Müdafiə Nazirliyinin əməkdaşı barəsində işi nəzərdən keçirib. Həmin
şəxs casusluqda və Ukrayna prezidenti Volodimir Zelenskinin
həyatına sui-qəsdin təşkilində iştirakda şübhəli bilinir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Polşa xüsusi xidmət
orqanlarının koordinatorunun nümayəndəsi Yaçek Dobjinski “X” sosial
şəbəkə hesabında məlumat bölüşüb.
Dobjinskinin sözlərinə görə, Hrubeşov şəhərinin 50 yaşlı sakini
Polşaya qarşı xarici kəşfiyyatın maraqları naminə fəaliyyət
göstərməyə hazır olub.
İddialara əsasən, Pavel K. Rusiya hərbi kəşfiyyat strukturlarına
qoşulmaq və kəşfiyyat tapşırıqlarını yerinə yetirmək istədiyini
bildirib. Xüsusilə, o, Jeşuv-Yasenka hava limanının fəaliyyəti
barədə məlumat ötürməli idi.
Dobjinskinin sözlərinə görə, Pavelin planlarının vaxtında
müəyyənləşdirilməsi Zelenskinin həyatına sui-qəsdin qarşısını
almağa imkan verib.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Bundan əvvəl, Polşanın əks-kəşfiyyat xidmətinin Rusiya
kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən müdafiə sektorunda
çalışan bir əməkdaşını saxladığı barədə məlumat yayılmışdı.

