Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdədir.

Trend xəbər verir ki, bu
barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir
Həsənov ilə BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət
Məhəmməd Bin Mübarək Əl-Fadhel Əl-Məzrui arasında ikitərəfli görüş
keçirilib.
Görüşdə Azərbaycan-BƏƏ arasında hərbi sahədə əməkdaşlığın cari
vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Birgə
təlimlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında hərbi
əlaqələrin genişlənməsinə töhfə verdiyi qeyd edilib.

Tərəflər, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində maraq
doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Həmçinin, müdafiə nazirinin birinci müavini – Azərbaycan
Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev
BƏƏ-nin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant
İsa Səif bin Ablan əl-Məzrui ilə görüşüb.

Baş Qərargah rəisləri, hər iki ölkənin hərbi qulluqçularının
iştirakı ilə keçirilən “Sülh Qalxanı – 2026” birgə təliminin
təcrübə mübadiləsinin artırılması baxımından vacibliyini qeyd edib,
eləcə də bir sıra digər məsələlər ətrafında danışıblar.

Daha sonra, Müdafiə Nazirliyinin rəhbər heyəti “Sülh Qalxanı –
2026” birgə əməliyyat-taktiki təliminin “Yüksək Səviyyəli
Müşahidəçi Günü”ndə iştirak edib.

Qeyd edək ki, fevralın 3-də Azərbaycan Respublikasının
Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev
və BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin
Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə
keçirilən birgə əməliyyat-taktiki təlimini izləyiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir