
Bakı. Trend:
30 yanvar 2026-cı il tarixində dünyanın 30 ölkəsindən 32
parlament üzvünün iştirakı ilə WUF13-ə həsr olunmuş “Parlamentlərin
dayanıqlı şəhərlərin inkişafında və davamlı şəhərsalmanın
təşviqində rolu” mövzusunda beynəlxalq onlayn tədbir keçirilib.
Tədbirin əsas məqsədi iştirakçıları WUF13-ün əsas məqsədləri və
proqramı barədə məlumatlandırmaq və WUF13-də parlamentlərin
iştirakının təşviqinə töhfə vermək olub.
Trend xəbər verir ki, tədbir
Azərbaycan Respublikası Milli Məclisinin və Qlobal Parlamentari
Akademiyasının (GCAP) üzvü Pərvanə Vəliyevanın təşəbbüsü ilə Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq çərçivəsində baş
tutub. Tədbirdə parlament üzvləri ilə yanaşı UN-Habitat və digər
ixtisaslaşmış agentliklərinin nümayəndələri iştirak edib.
Açılış nitqi ilə çıxış edən deputat Pərvanə Vəliyeva xarici
həmkarlarına təşəbbüsü dəstəkləyərək WUF13-ə həsr olunmuş iclasda
iştirak etdiklərinə görə təşəkkür edib. Açılışda xüsusi qonaq
qismində Dominika Birliyinin Ətraf Mühit, Kəndlərin
Müasirləşdirilməsi və Kalinago İcmasının İnkişafı naziri Kozier
Frederik çıxış edərək, kiçik ada dövlətlərinin urbanizasiya
təcrübələrindən, mövcud çağırışlardan və Dominika parlamentinin
tikinti normaları, zonalaşdırma qanunları və planlaşdırma
sistemlərində gördüyü işlərdən danışıb.
Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən
WUF13 haqda təqdimat edilib, Azərbaycanın WUF13 çərçivəsində irəli
sürdüyü yeni təşəbbüslər, ilk dəfə olaraq ölkə və hökumət
başçılarının iştirakı ilə Zirvə Görüşünün təşkili olunacağı haqda
məlumat verilib, şəhərsalma forumlarında parlament diplomatiyasının
əhəmiyyəti vurğulanıb.
Müzakirələrdə iştirak edən xarici deputatlar Azərbaycanın
WUF13-ə ev sahibliyini, eləcə də zəngin şəhərsalma təcrübəsini
yüksək qiymətləndirərək, WUF13 Milli Koordinatoruna birgə müraciət
ünvanlayıb. Müraciətdə deyilir:
“Biz, 30 ölkəni təmsil edən parlament üzvləri olaraq qəbul
edirik ki, şəhərlər bu günün ən aktual qlobal çağırışlarının
mərkəzində dayanır və eyni zamanda onların həllinin əsas açar
nöqtəsidir. Sürətli urbanizasiya, iqlim riskləri, bərabərsizlik,
məcburi köçkünlük və dərinləşən qlobal yaşayış yeri böhranı
əlaqələndirilmiş siyasi liderlik, qanunvericilik fəaliyyəti və
davamlı investisiyalar tələb edir. Biz bir daha təsdiqləyirik ki,
parlamentlər qlobal şəhər öhdəliklərinin milli qanunlara,
siyasətlərə və maliyyələşmə mexanizmlərinə çevrilməsində həlledici
rol oynayır. Biz WUF13-ün ev sahibi kimi Azərbaycan Respublikasına
güclü dəstəyimizi ifadə edirik, Azərbaycanın dayanıqlı urbanizasiya
üzrə qlobal dialoqu irəli aparmaq öhdəliyini və şəhərləri
dayanıqlığın, sülhün və inklüziv inkişafın hərəkətverici qüvvəsi
kimi təqdim edilməsi istiqamətində fəaliyyətini alqışlayırıq”.
Qeyd edək ki, parlamentarilər Ümumdünya Şəhərsalma Forumlarının
əsas iştirakçı qruplarından biridir.

