
Bakı. Trend:
Fevralın 3-də Leyla Əliyeva Əbu-Dabidəki Zayed Milli Muzeyində “İnsan Qardaşlığı Məclisi” (“Human Fraternity Majlis”) adlı
tədbirdə iştirak edib.
Trend xəbər verir
ki, əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx
Nəhyan Mübarək Al Nəhyanın videomüraciəti nümayiş olundu.
Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd
Əbdülsalam, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının
rəhbəri Saida Mirziyoyeva çıxış etdilər.
Kardinal Corc Koovakad Papa XIV Leonun tədbir iştirakçılarına
ünvanladığı məktubunu oxudu.
“Zayed İnsan Qardaşlığı Mükafatı” barədə videoçarx nümayiş
olundu.
“Qadın liderliyi insan qardaşlığının təməlidir” adlı panel
sessiyada İndoneziyanın keçmiş Prezidenti və Zayed mükafatı
münsiflər heyətinin üzvü Meqavati Sukarnoputri, Livanın birinci
xanımı Nehmat Aoun, Kolumbiyanın birinci xanımı Veronika Alkoser
Qarsiya çıxış etdilər.
Panel sessiyada çıxış edən Leyla Əliyeva Azərbaycanda fərqli
mədəniyyətlərə, dinlərə və ənənələrə hörmətin hər zaman həyat
tərzinin ayrılmaz hissəsi olduğunu bildirdi. O, uşaqların mehriban
mühitdə və ali ailə dəyərləri ilə böyüdüklərini, bunun isə onları
gələcəkdə güclü şəxsiyyət kimi formalaşdırdığını vurğuladı. Heydər
Əliyev Fondunun fəaliyyəti haqqında danışan Leyla Əliyeva Fond
tərəfindən təkcə Azərbaycanda deyil, həm də Pakistan, Gürcüstan,
Bosniya və Herseqovinada bir çox məktəblərin tikildiyini və ya
əsaslı təmir edildiyini bildirdi. Yeni texnologiyaların inkişafı
ilə təhsil sisteminin də dəyişməsinin vacibliyini vurğulayan Leyla
Əliyeva bu prosesin artıq başladığını dedi.
Leyla Əliyeva qeyd etdi ki, həm valideynlər, həm də müəllimlər
uşaqlara daha çox dəyər verməli, onlara hörmətlə yanaşmalı, onları
dinləməyi bacarmalıdırlar.
Uşaqların sosial medianın mənfi təsirlərindən qorumağın
əhəmiyyətinə toxunan Leyla Əliyeva hazırda Azərbaycanda beynəlxalq
təcrübəyə əsaslanaraq yetkinlik yaşına çatmayanları zərərli
məlumatlardan qorumağın yollarının araşdırıldığını bildirdi.
Tədbirdə, həmçinin Pakistanın birinci xanımı Aseefa Bhutto
Zərdari çıxış etdi.

