
Bakı. Trend:
İqtisadiyyat nazirinin birinci müavini “İƏİT Avrasiya Həftəsi –
2026” tədbiri çərçivəsində panel sessiyada çıxış edib, bir sıra
görüşlər keçirib.
Trend xəbər verir ki, bu
barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransanın
paytaxı Paris şəhərində keçirilən “İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (İƏİT) Avrasiya Həftəsi – 2026” tədbirində iştirak
edib.
İqtisadiyyat nazirinin birinci müavini tədbir çərçivəsində
“Rəqabətqabiliyyətlilik, investisiya və ticarətin gücləndirilməsi
yolu ilə artımın təşviqi” mövzusunda panel sessiyada çıxış edib.
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz
sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və
strateji təşəbbüslər barədə məlumat verilib. Avropa və Asiya
arasında etibarlı körpü rolunu oynayan ölkəmizin beynəlxalq
nəqliyyat və logistika qovşağına çevrildiyi vurğulanıb.
Qeyd edilib ki, makroiqtisadi sabitlik, əlverişli investisiya
mühiti, həmçinin sənaye zonaları və azad edilmiş ərazilərdə təqdim
edilən güzəştlər xarici sərmayədarlar üçün cəlbedici şərait
yaradır, xüsusilə qeyri-neft-qaz sektoruna yönələn investisiyaların
artmasına təkan verir. Rəqəmsallaşma və müəssisələrin
rəqabətqabiliyyətinin artırılması istiqamətində atılan addımlar
qeyd olunub. Bərpaolunan enerji mənbələrinin inkişafına yönəlmiş
irimiqyaslı layihələrin regional enerji əməkdaşlığının
dərinləşdirilməsi baxımından yeni perspektivlər açdığı diqqətə
çatdırılıb.
Ölkəmizin beynəlxalq tərəfdaşlıqlar, ikitərəfli və çoxtərəfli
investisiya fondları vasitəsilə ticarət və investisiya əlaqələrini
genişləndirdiyi nəzərə çatdırılıb. O cümlədən, Azərbaycanla Avropa
İttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün
perspektivlərin olduğu vurğulanıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “İƏİT
Avrasiya Həftəsi – 2026” tədbiri çərçivəsində İƏİT-nin Qlobal
Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla
görüşüb.
Görüşdə ölkəmizin İƏİT-lə fəal və səmərəli əməkdaşlıq etdiyi
vurğulanıb. Xarici investisiyaların cəlbi, rəqəmsallaşma, kiçik və
orta sahibkarlığın inkişafı və digər istiqamətlərdə əməkdaşlığın
ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə töhfə verdiyi qeyd
edilib.
Tərəflər Azərbaycan və İƏİT arasında tərəfdaşlığın prioritet
istiqamətləri, sənaye, maliyyə, ticarət, korporativ idarəetmə,
nəqliyyat və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə
ediblər.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransaya
səfər çərçivəsində “MEDEF International” təşkilatının baş icraçı
direktoru Filip Qotye ilə görüşüb.
Görüşdə Azərbaycanda formalaşdırılmış etibarlı və əlverişli
biznes mühiti, həmçinin işgüzar əlaqələrin genişləndirilməsi üçün
mövcud potensial diqqətə çatdırılıb.
Tərəflər Azərbaycan və Fransa şirkətləri arasında əlaqələrin
dərinləşdirilməsi, yeni işbirliyi və qarşılıqlı investisiya
imkanları ətrafında fikir mübadiləsi aparıblar. Fransa
şirkətlərinin Azərbaycanda fəaliyyəti ilə bağlı mümkün potensial
əməkdaşlıq imkanları müzakirə edilib.

