
Bakı. Trend:
Hazırda imtahanlara texniki vasitələrin keçirilməsi ilə bağlı
iki proses gedir və bu proseslərdə ən pis hal odur ki, onların
arasında müxtəlif hazırlıq fəaliyyəti ilə məşğul olan müəllimlər də
var.
Trend xəbər
verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzində keçirilən imtahan
rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin
qiymətləndirilməsinə həsr olunan tədbir çərçivəsində jurnalistlərin
suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, onlar həmişə ictimaiyyətdə DİM-lə real
abituriyent arasında çəpər yaradıblar:
“Onlar həmişə yalan informasiyalarla ara qatıblar. İndi məlum
oldu ki, bunun əsasında tamamilə başqa məqsədlər durub. Belə
riyakar insanlar təhsil sistemindən uzaqlaşmalıdırlar. Diqqətlə bu
prosesi izləyirik. Orada müəyyən faktları biz də mediadan eşidib
öyrənirik. Belə insanlara bu proses yaxşı dərs olacaq. Valideynlər
isə başa düşəcəklər ki, başqa yollarla uşağın nəticəsini dəyişdirə
bilməyəcəklər.”

