
Bakı. Trend:
Hansısa ərazidən, obyektdən, yerdən pul tapmaq hər bir
vətəndaşın gündəlik həyatında rastlaşa biləcəyi hadisədir. Pulun
miqdarından və ya pulu tapan şəxsin individual seçimindan asılı
olaraq vətəndaş bu halda bir neçə – pulu xərcləyə, sahibinin
tapılması üçün elan paylaşa, aidiyyəti üzrə təhvil verə və s. –
addım ata bilər.
Bəs görəsən, bu məqamda qanunvericilik nə
deyir?
Hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı Trend-ə açıqlamasında
bildirib ki, vətəndaş yerdən istənilən əşya, həmçinin pul tapırsa,
bununla bağlı mütləq şəkildə mülkiyyətçiyə xəbər verməli, pulun
mülkiyyətçisinin orada olub-olmadığı ilə maraqlanmalıdır:
“Əgər mülkiyyətçini tapa bilmirsə, pulu aidiyyəti üzrə polis
şöbəsinə təhvil verməlidir. Bir il ərzində pulun sahibi tapılarsa,
öz mülkiyyətçisinə qaytarılır. Əgər bir il ərzində pulun
mülkiyyətçisi üzə çıxmasa, onu tapan şəxs mülkiyyətçiyə
çevrilir”.
Vətəndaş tapdığını qaytarmaq
istəmir…
Hüquqşünas deyib ki, vətəndaş pulu vaxtında təhvil versə, bəxşiş
ala bilər:
“Pulu tapan şəxsin onun dəyərinin 5 faizi miqdarında bəxşiş
almaq hüququ var. Əgər pulu tapan şəxs mülkiyyətçini axtarmayıb,
səlahiyyətli quruma təhvil verməyibsə, bəxşiş almaq hüququnu
itirir. Vətəndaş tapdığı pulu sahibinə qaytarmaqdan boyun
qaçırırsa, o, aidiyyəti qaydada məhkəməyə verilir, tapıntı geri
alınır. Lakin belə olan halda da əşyanı tapan şəxs bəxşiş almaq
hüququnu itirir”.
Tapıntı, yoxsa oğurluq?
Şamil Paşayev xüsusilə vurğulayıb ki, tapıntı mülki məsələdir,
oğurluq, cinayət deyil:
“Əşyanı tapan adam oğurluq etmiş sayılmır. Oğru gizli şəkildə
özgə əmlakını talayan şəxsdir. Tapıntıda isə talamaq məsələsi
yoxdur, sadəcə əşyanı tapırsan. Əşya onu axtarmadan, istəmədən
qarşına çıxır və sən onu tapırsan. Tapıntının subyekti ilə
oğurluğun subyektinə eyni münasibəti göstərmək olmaz. Tapıntıda hər
hansı cəza yoxdur, oğurluq isə cinayət məsuliyyətinə səbəb olur.
Tapıntı heç bir halda cinayət deyil. Vətəndaşın pulu tapdığına hər
hansı şübhə yoxdursa, onu sahibinə və ya polisə təhvil vermədiyinə
görə şəxsi hər hansı cəza gözləmir”.
Məlumat üçün bildirək ki, Mülki
Məcəlləyə görə, əşyanı tapan şəxs mülkiyyətdən imtina edirsə,
səlahiyyətli orqan bir il keçdikdən sonra əşyanı auksionda sataraq
fayda götürə bilər və ya söhbət azqiymətli əşyadan gedirsə, onu
pulsuz özgəninkiləşdirə bilər və ya məhv edə bilər.
Əgər tapıntı heyvan və ya tez xarab olan əşyadırsa, yaxud
saxlanması böyük xərc tələb edən əşyadırsa, bir illik müddət tətbiq
olunmur və onların özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş
məbləğ mülkiyyətçiyə qaytarılır.

