
Bakı. Trend:
Fevralın 4-də Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası
(WUF13) üzrə Könüllülük Proqramının təlim mərhələsinə start
verilib.
Trend WUF13-ün
Təşkilat Komitəsinə istinadən xəbər verir ki, üç gün ərzində davam
edəcək sessiyalar çərçivəsində mərhələli şəkildə 1000 nəfərə yaxın
iştirakçının “Dayanıqlı Şəhərsalma İnkişafı və Davranışlar”
mövzusunda təşkil olunan seminarlarda iştirakı nəzərdə tutulur.
Bakı Biznes Mərkəzində təşkil olunan seminarların məqsədi
dayanıqlı və inklüziv şəhərsalma ilə bağlı maarifləndirməni
gücləndirmək, eyni zamanda WUF13-ə hazırlıq prosesində könüllülərin
dəstəkləyici rolunu önə çıxarmaqdır.
İştirakçılar davamlı şəhərsalma anlayışları, bu sahədə qlobal və
milli çağırışlar, karbon izi, eləcə də WUF13 tədbirinin
dayanıqlılıq meyarları və hədəfləri barədə məlumatlandırılır.
Dayanıqlılıq mövzusunda keçirilən ilk sessiyanın açılışında
çıxış edən Könüllü Mərkəzinin rəhbəri Rəvanə Həsənli bildirib ki,
seminarlar WUF13 tədbirinin əsas dəyərləri olan dayanıqlılıq və
icma məsuliyyətinin mənimsənilməsinə yönəlib. O, əlavə edib:
“Bugünkü seminarla başlayan təlim prosesi iştirakçılara yalnız
WUF13 çərçivəsindəki fəaliyyətlərdə deyil, həm də onların peşəkar
və şəxsi inkişafında faydalı olacaq”.
Təlimlər WUF13 Azərbaycan Əməliyyat Şirkətinin və EY Azərbaycan
şirkətinin mütəxəssislərin çıxışları ilə davam edib. Əhatə olunan
mövzular arasında Azərbaycanın şəhərsalma yolu və aparıcı
şəhərlərdən qabaqcıl nümunələr, iqlimə davamlı şəhər sistemləri və
mənzil təminatı da var. “Dayanıqlı Şəhərsalma İnkişafı və
Davranışlar” təlimlərinin fevralın 6-da yekunlaşması
gözlənilir.

