
Bakı. Trend:
“İnter A Seriyasının 23-cü turunda “Kremoneze” ilə oyunda baş
verən insidentə görə 50.000 avro cərimə olunub.
Trend xəbər verir
ki, oyun milanlıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda “İnter” azarkeşləri “Kremoneze”nin qapıçısı Emil Auderoya
fişəng atıblar. Nəticədə 29 yaşlı italiyalı futbolçu ayağından
xəsarət alıb və sağ qulağında eşitmə problemi yaranıb.
İdman Məhkəməsi “İnter”i yalnız tüstü bombası və fişəng kimi
pirotexniki vasitələrdən istifadə etməsinə görə deyil, həm də
Auderonun şoka düşməsinə və oyunun dayandırılmasına səbəb olan bu
cür əşyalarla rəqib oyunçuya zərbə endirdiyinə görə cərimələyib.
Məhkəmə qərarını verərkən hadisənin törədilməsinə məsul olan
şəxslərin müəyyən edilməsində, həmçinin oyun zamanı və oyundan
sonra futbolçuları meydandakı hadisələrdən qorumaq üçün görülən
tədbirləri nəzərə alıb.
Əvvəlki məlumatlara görə, fişəng hadisəsindən sonra “İnter”
azarkeşlərinə komandalarının A Seriyasındakı növbəti üç səfər
oyununa qatılması qadağan ediləcək.

