
Bakı. Trend:
Siqaret çəkmək, həddindən artıq spirtli içki istehlakı və bəzi
infeksiyalar kimi əsas risklərin aradan qaldırılması xərçənglə
bağlı qlobal ölüm statistikasını ciddi şəkildə dəyişə bilər.
Trend xəbər verir
ki, bu nəticəyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aparıcı
mütəxəssisləri gəliblər.
ÜST-ün Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyinin (IARC)
mütəxəssislərinin də daxil olduğu beynəlxalq alimlər qrupu
tərəfindən aparılan təhlilə görə, 2022-ci ildə qoyulan bütün yeni
xərçəng diaqnozlarının 38%-i qarşısı alına bilən xəstəliklər olub.
Tədqiqatçılar 30 müxtəlif risk faktorunun təsirini
qiymətləndiriblər.
Tədqiqatda tütün açıq-aşkar lider olaraq qalır və dünya
miqyasında bütün yeni xərçəng hallarının 15%-ni təşkil edir.
Yoluxucu agentlər (10%) ikinci yerdədir, bədən üçün toksikliyi çox
vaxt qiymətləndirilməyən alkoqol (3%) isə ilk üçlüyü
tamamlayır.
Qarşısı alına bilən bütün halların təxminən yarısı ağciyər, mədə
və servikal xərçəngləri ilə bağlı olub.

