
Bakı. Trend:
Fevralın 4-də Heydər Əliyev Mərkəzində təsirli ictimai sənət
nümunələri yaradan məşhur sənətkarlar – britaniyalı və avstraliyalı
heykəltaraşlar Cili və Mark Şatnerin (Gillie&Marc Schattner)
“Vəhşi təbiətin super qəhrəmanları” (The Superheroes of Wildlife)
adlı sərgisinin açılışı olub.
Trend xəbər verir
ki, açılışda Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov,
mədəniyyət naziri Adil Kərimli, incəsənət nümayəndələri və digər
qonaqlar iştirak ediblər.
Bakı layihəsi müəlliflərin bu günədək təqdim etdikləri ən böyük
sərgidir. Vəhşi təbiətin fədakar müdafiəçiləri kimi tanınan Cili və
Mark yaradıcılıqları ilə incəsənəti təbiətin mühafizəsi üçün mühüm
bir platformaya çeviriblər. Sərgi vəhşi təbiətin qarşılaşdığı
problemləri bir daha gündəliyə gətirməklə yanaşı, tamaşaçıya
cəsarət və ümid dolu baxış bucağı təqdim edir.
Sərginin açılışından əvvəl heykəltaraş Cili Şatner jurnalistlərə
bildirib ki, sərgidə əsas missiya sənət vasitəsilə vəhşi təbiətin
qorunması və sevgi mesajlarını yaymaqdır.
“Məqsədimiz dünyanın müxtəlif ölkələrinə səyahətlərimiz zamanı
əldə etdiyimiz təcrübələr əsasında tamaşaçıları nəsli kəsilmək
təhlükəsi altında olan heyvanları qorumağa təşviq etməkdir. Biz
heyvanları öyrənir, müşahidə edir, çəkir və təsvir edirik. Sərgidə
nümayiş olunan bütün heykəllər real həyatda gördüyümüz heyvanlara
əsaslanır”, – deyə Cili Şatner vurğulayıb.
Heykəltaraş Mark Şatner isə Bakıda və ümumilikdə Azərbaycanda
təbiətin qorunmasına xüsusi əhəmiyyət verildiyini deyib:
“Söhbətlərimiz zamanı Bakının və bütövlükdə Azərbaycanın vəhşi
təbiətin mühafizəsi, eləcə də ətraf mühitin qorunması istiqamətində
həyata keçirdiyi dəyərli təşəbbüslər barədə ətraflı məlumat aldıq.
Məhz bu amil bizi ölkəyə cəlb edən əsas səbəblərdən biridir. Çünki
burada təbiətlə dərin və səmimi bir bağlılıq mövcuddur”, – deyə o
qeyd edib.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru
Anar Ələkbərov bildirib ki, Mərkəzdə Cili və Mark Şatnerin 100-ə
yaxın əsəri sərgilənir. Onun sözlərinə görə, heykəltaraşların
əsərləri dünyanın bir çox ölkəsində nümayiş etdirilib.
Anar Ələkbərov vurğulayıb ki, layihənin unikallığı məhz
heykəltaraşların təbiətin qorunması istiqamətində gördükləri mühüm
işlərdə öz əksini tapır və onların bu sahədə böyük rolu var.
O bildirib ki, “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi bir
ildən artıq müddət ərzində fəaliyyət göstərəcək.
Anar Ələkbərov, həmçinin layihənin Heydər Əliyev Mərkəzində
keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya layihənin
reallaşmasına göstərdiyi böyük dəstəyə görə dərin minnətdarlığını
ifadə edib.
Heykəltaraş Cili Şatner çıxışında deyib ki, bu sərgi onlar üçün
adi bir layihə deyil, təbiətə olan sevgilərinin ümumi bir
təntənəsidir.
“Bu sərgi ilə biz qəlblərimizi, hekayələrimizi və danışa
bilməyən heyvanların səsini insanlara çatdırmaq istəyirik. Biz hər
zaman inanmışıq ki, incəsənət qəlbləri birləşdirən ən güclü
vasitədir”.
O, həmçinin bildirib ki, onların monumental heykəlləri indiyədək
Nyu-York, London, Sinqapur, Sidney, Şanxay da daxil olmaqla
dünyanın 250-dən çox şəhərində nümayiş etdirilib.
Tədbirdə çıxış edən heykəltaraş Mark Şatner bildirib ki,
Azərbaycana ilk dəfə səfər edirlər və Heydər Əliyev Mərkəzində belə
möhtəşəm bir məkanda sərgilərinin açılması onlar üçün böyük
sevincdir. Heykəltaraş ərsəyə gətirdikləri əsərlər barədə danışıb:
“Əsərlərimiz elə qurulub ki, tamaşaçı onların üzərində otura,
ətrafında gəzə və hətta toxuna bilərlər. Bu isə işimizin mahiyyəti
baxımından əsərlərlə həm emosional, həm də fiziki təmas qurmağa
imkan yaradır”.
Heykəltaraşlar Cili və Mark Şatner, həmçinin vurğulayıblar ki,
indiyə qədər ərsəyə gətirdikləri əsərlər bir məhəbbət hekayəsindən
başlayıb. Belə ki, Cili və Mark Şatner cütlüyü təsadüfi görüş
nəticəsində 1990-cı ildə Honkonqda bir filmin çəkiliş meydançasında
tanış olublar. O dövrdə model olan Cili və kreativ direktor kimi
çalışan Mark yeddi gün sonra ailə həyatı qurublar. “The New York
Times” qəzeti onları “Nyu-York tarixində ən uğurlu və ən çox əsər
yaradan ictimai sənət müəllifləri” adlandırır.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
“Vəhşi təbiətin super qəhrəmanları”nda nəsli kəsilməkdə olan
canlıların gələcək taleyi mövzusu aktuallaşdırılır. Ekspozisiya
təbiəti qorumaq missiyasını üzərinə götürən, bir-birindən fərqli,
lakin ayrılmaz iki qəhrəman – “Dovşan xanım” (“Rabbit woman”) və
“İt adam”ın (“Dog man”) macəralarını əks etdirir. Bu iki qəhrəman
özlərində “fərqliyik, amma bir-birimizlə harmoniya yaradaraq
yaşayıb, təbiətin qayğısına qala bilərik” ideyasını
canlandırır.
Sərgidəki rəngkarlıq əsərləri, kiçik və iriölçülü heykəllər bizi
təbiətin mühafizəsində ortaq məsuliyyətimiz haqqında düşünməyə
səsləyir. Bununla da incəsənət vasitəsilə dünyaya vacib çağırış
edilir: vəhşi təbiəti sevgi ilə əhatə etmək, onun
qorunub-saxlanılması üçün mübarizə aparmaq.
Bakı sərgisi təkcə canlı aləmin mühafizəsi haqqında deyil, həm
də şəfqət, cəsarət və birlik haqqında hekayədir.

