
Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının (ABŞ) federal hakimiyyət orqanları
ölkənin daha beş şəhərinə miqrasiya polisi sayılan ICE-nin (United
States Immigration and Customs Enforcement) agentlərinin
göndərilməsi imkanını ciddi şəkildə nəzərdən keçirir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp
Amerikanın “NBC” telekanalına müsahibəsində bildirib.
“Bizim çox ciddi şəkildə nəzərdən keçirdiyimiz beş şəhər var,
lakin biz istəyirik ki, bizi ora dəvət etsinlər”, — deyən ABŞ
lideri konkret hansı şəhərlərdən söhbət getdiyini açıqlamayıb.
Tramp xatırladıb ki, Ağ Evə gəlişi ilə başladığı ABŞ-dən
qeyri-qanuni miqrantların deportasiyası proqramı yalnız ağır
cinayətlər törətmiş şəxslərə şamil olunur.
Onun sözlərinə görə, federal hakimiyyət orqanları tam şəkildə
yalnız “həqiqətən təhlükəli cinayətkarlara” fokuslanıb —
narkobaronları, cinsi zorakılıq törədən şəxsləri və banditləri
saxlayırlar.
Tramp qeyd edib ki, görülən tədbirlər nəticəsində minlərlə
cinayətkar tutulub.

