
Bakı. Trend:
“Kənd təsərrüfatı müəssisələrinin Baş planları. Layihələndirmə
normaları” təsdiq edilib.
Trend-in
məlumatına görə, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sədri Anar Quliyev müvafiq qərar imzalayıb.
Qərara əsasən, kənd təsərrüfatı müəssisələrinin baş planları
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”,
“Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Tullantılar
haqqında”, “Heyvanlar aləmi haqqında” qanunlar və digər qüvvədə
olan normativ tələblər nəzərə alınmaqla hazırlanmalıdır.
Ətraf mühitə təsirin qiymətləndirilməsi siyahısına daxil edilmiş
kənd təsərrüfatı müəssisələri üçün bu qiymətləndirmə “Ətraf mühitə
təsirin qiymətləndirilməsi haqqında” Qanuna uyğun olaraq yerinə
yetirilməlidir.
Su, torpaq, meşə, bitki və heyvanlar aləmindən istifadənin
əsaslandırılması, eləcə də torpaqların, bitki və heyvanlar
aləminin, biomüxtəlifliyin mühafizəsi və bərpası, xüsusi mühafizə
olunan təbiət ərazilərinin və obyektlərinin statusunun qorunması
məqsədilə kooperativlərin, kənd təsərrüfatı məhsullarının istehsalı
üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı
müəssisələrinin, həmçinin irimiqyaslı kənd təsərrüfatı
(aqroparklar), habelə balıqçılıq (o cümlədən akvakultura)
təsərrüfatı fəaliyyəti üzrə layihələrin “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş qaydada ətraf
mühitə təsirinin qiymətləndirilməsi sənədi hazırlanaraq dövlət
ekoloji ekspertizası keçirilməli və “Kənd təsərrüfatı kooperasiyası
haqqında” Qanunun tələbləri yerinə yetirilməlidir.
Məlumat üçün bildirək ki, qərar yanvarın 22-də qəbul edilib,
fevralın 2-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,
fevralın 3-dən qüvvəyə minib.

