
Bakı. Trend:
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam
etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm
oxunur.
Trend-in
xəbərinə görə, qeyd edilib ki, təqsirləndirilən Bako Sahakyanın
ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan
cinayətlərin törədilməsində ittiham olunmasına və həmin
ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə
baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin
təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük
azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.
Hökmə əsasən təqsirləndirilən Bako Sahakyan qəti olaraq 20 il
müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da
təqsirləndirilən şəxs B.Sahakyanın 20 il müddətinə azadlıqdan
məhrum olunmasını təklif etmişdi.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi hökmün oxunması ilə davam etdirilir.

