Prezident İlham Əliyevin BƏƏ-yə səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın
2-də Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə arasında strateji
tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm siyasi və iqtisadi
əhəmiyyət daşıyır.

Bunu Trend
açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, bu səfər Azərbaycan ilə BƏƏ arasında son
illər yüksələn xətt üzrə inkişaf edən münasibətlərin məntiqi davamı
kimi qiymətləndirilir:

“Prezident İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş
Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al
Nəhyanla görüşlər zamanı tərəflər siyasi dialoqun
intensivləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi,
enerji təhlükəsizliyi, investisiya mühiti və regional sabitlik
məsələlərini müzakirə ediblər. Prezident İlham Əliyevin səfəri eyni
zamanda, Azərbaycanın Yaxın Şərq ölkələri ilə əlaqələrini
gücləndirmək və Körfəz regionunda etibarlı tərəfdaş mövqeyini
möhkəmləndirmək strategiyasına uyğun olub”.

A.Qarayev bildirib ki, səfər çərçivəsində imzalanan sənədlər
xüsusilə diqqət çəkib:

“Azərbaycan və BƏƏ Prezidentlərinin iştirakı ilə “Cənub Qaz
Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət
payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin
investisiya qolu olan XRG Şirkətinə satılması ilə bağlı alqı-satqı
müqaviləsinə dair sənəd imzalanıb. Bu razılaşma Azərbaycanın enerji
sektoruna beynəlxalq investorların marağının artdığını göstərməklə
yanaşı, “Cənub Qaz Dəhlizi” kimi strateji layihənin maliyyə
dayanıqlığını daha da gücləndirir. Eyni zamanda bu addım Avropanın
enerji təhlükəsizliyinə töhfə verən layihələrdə Azərbaycanın
aparıcı rolunu möhkəmləndirir”.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin səfəri təkcə
iqtisadi deyil, həm də təhlükəsizlik və müdafiə sahəsində
əməkdaşlığın inkişafı baxımından əlamətdar olub:

“Səfər zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə
əməkdaşlığına dair niyyət məktubu imzalanıb. Bu sənəd iki ölkə
arasında hərbi əməkdaşlıq, müdafiə sənayesi və təcrübə mübadiləsi
sahələrində əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar
açır.

Ümumilikdə, fevralın 2-də baş tutan bu səfər Azərbaycan-BƏƏ
münasibətlərinin yeni mərhələyə yüksəldiyini, tərəflər arasında
etimad və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha da
möhkəmləndiyini nümayiş etdirir. Prezident İlham Əliyevin səfəri
Azərbaycanın regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi
mövqeyini gücləndirən mühüm diplomatik addım kimi
dəyərləndirilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir