
Bakı. Trend:
Universitetlər gələcək rəhbərlərin düşüncə tərzinin
formalaşmasında mühüm rol oynayır.
Trend xəbər verir
ki, bunu Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru
Fariz İsmayılzadə bu gün Bakıda keçirilən “Qoşulmama Hərəkatının
Gənclik Həftəsi” adlı tədbirdə çıxışında deyib.
“İnsanın dəyərlərinin və dünyagörüşünün formalaşdığı dövr məhz
universitet illəridir. Hamınız ya artıq tələbə olmusunuz, ya da
hazırda tələbəsiniz və məhz siz, o cümlədən biznes və dövlət
sektorunda gələcək liderlərsiniz. Buna görə də universitetlər
gələcək rəhbərlərin düşüncə tərzinin formalaşmasında mühüm rol
oynayır. Məzunlar şirkət rəhbərlərinə və ya dövlət qurumlarının
başçılarına çevrildikdə ekoloji məsələlərə, ‘yaşıl’ enerjinin
inkişafına, tullantıların təkrar istehsalına, enerjiyə qənaətə və
planetin qorunmasına bütövlükdə daha ciddi yanaşmağa başlayırlar”,
– deyə o bildirib.
Onun sözlərinə görə, tələbələrə dayanıqlı inkişaf üzrə ən yaxşı
dünya təcrübələri nümayiş etdirilir, ətraf mühitə və planetə
gündəlik fəaliyyətlər və uzunmüddətli strategiyalar vasitəsilə necə
qayğı göstərməyin mümkün olduğu izah olunur.
“Gələcəkdə rəhbər vəzifələr tutduqda, onlar bu yanaşmaları
siyasət və idarəetmə səviyyəsində tətbiq etmək imkanı əldə
edirlər”, – deyə F. İsmayılzadə qeyd edib.
O həmçinin vurğulayıb ki, ADA Universitetinin baxışı da məhz
bundan ibarətdir. Universitetin ərazisində “Masdar” şirkətinin
iştirakı ilə günəş panelləri quraşdırılıb, həmçinin geotermal
qurğular yaradılıb.
“Beləliklə, biz bərpa olunan enerji üzrə ən yaxşı təcrübələri
yalnız nəzəriyyədə deyil, həm də tədqiqatlar və konkret layihələr
vasitəsilə praktikada tətbiq edirik”, – deyə F. İsmayılzadə
bildirib.

