
Bakı. Trend:
Nazirlər Kabinetinin yeni Qərarı ilə sosial sığorta əsaslı
müavinətlərlə bağlı həyata keçirilən islahat tədbiri bu
müavinətlərin təyinatının avtomatlaşdırılmasını, habelə onların
təyinatı sahəsində bir sıra vətəndaşyönlü humanist dəyişiklikləri
nəzərdə tutur.
Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.
Bildirilir ki, sosial sığorta əsaslı olan 4 müavinət növü:
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət;
hamiləliyə və doğuma görə müavinət;
3 yaşınadək uşağa qulluğa görə müavinət;
dəfn üçün birdəfəlik müavinət bu il mayın 1-dən avtomatlaşdırılmış,
proaktiv qaydada təyin ediləcək.
Bununla da həmin müavinətlərin təyinatı üçün işçinin
müraciətinə, müxtəlif sənədlər toplayıb təqdim etməsinə ehtiyac
qalmayacaq, işəgötürənin bir sıra əlavə öhdəlikləri (komissiya
yaradılması, protokol, haqq-hesab cədvəli s. sənədlərin tərtibi,
təqdim edilməsi) aradan qalxacaq.
Məsələn, 3 yaşınadək uşağa qulluğa görə müavinət təyinatı üçün
prosedur 4 mərhələdən (işçinin uşağın doğum haqqında
Şəhadətnaməsini işəgötürənə təqdim etməsi, Komissiyanın qərar qəbul
etməsi, işəgötürənin sənədləri DSMF-yə təqdim etməsi, Fondun
müavinəti ödəməsi) ibarətdirsə, mayın 1-dən bu prosedur yalnız 1
mərhələ (e-sistemlərdəki məlumatlar əsasında müavinətin təyin
edilməsi) ilə tamamlanacaq.
Bu proaktiv təyinat mexanizmləri sosial sığorta əsaslı
müavinətlərin ödənişi prosesinin daha çevik və şəffaf olmasına,
hazırda alınması müəyyən qədər vaxt tələb edən sosial sığorta
əsaslı müavinətlərin qısa müddət ərazində ödənişinə imkan
yaradacaq.
Yeni islahat tədbiri nəticəsində həmçinin:
sığortaolunanın stajından asılı olaraq hazırda ona əmək
qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 60 faiz, 80
faiz, 100 faizi qədər ödənilirsə, stajından asılı olmayaraq hər bir
işçiyə 100 faiz məbləğində ödəniləcək;
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hazırda
əlilliyi olan şəxslərə 6 ay, digər şəxslərə 12 ay müddətində
ödənilirsə, artıq hər bir işçiyə 12 ay müddətində ödəniləcək;
yalnız Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin
uşaqlarına qulluğa görə ikiqat müavinət ödənilirsə, artıq əlilliyi
olan bütün uşaqlara qulluğa görə ikiqat müavinət veriləcək;
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma
görə müavinətin məbləğinin hesablanması ilə bağlı işəgötürənin
öhdəliyi də aradan qalxacaq, bu hesablamanı sığortaçı (DSMF)
aparacaq.

