Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı (FOTO)

Baş səhifə

Bakı. Trend:

5 fevral 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA
Universiteti arasında şəhərsalma və memarlıq sahələrində
əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilən məlumata
görə, sənədi Komitənin sədri Anar Quliyev və Universitetin rektoru
Hafiz Paşayev imzalayıblar.

Bildirilib ki, Anlaşma Memorandumu Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi ilə ADA Universiteti arasında 17-22 may
2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya
Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində
akademik tərəfdaşlığın genişləndirilməsi, şəhərsalma və memarlıq
sahələrində konfransların, sərgilərin, seminarların, elmi
görüşlərin, təlim və ustad dərslərinin təşkili, akademik proqram və
kursların dizaynı, həmçinin tələbələr və akademik heyət üçün təlim
və inkişaf proqramlarının təşkili kimi sahələrdə əməkdaşlıq
istiqamətlərini əhatə edir.

Qeyd olunub ki, akademik ictimaiyyət ümumilikdə WUF13-ün əsas
iştirakçı qruplarından biridir və forum müddətində keçiriləcək
tədbirlərdə yerli və beynəlxalq akademik heyətin fəal iştirakının
təmin edilməsi istiqamətində birgə tədbirlərin təşkili nəzərdə
tutulur.




Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti
arasında uzun müddətdir davam edən əməkdaşlığın genişləndirilməsi
xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə ADA Universitetinin
nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində
dizayn və memarlıq fakültəsinin açılmasının ölkədə urbanistik
mühitin keyfiyyətinin artırılmasına, habelə müasir memarlıq,
şəhərsalma və dizayn sahələri üzrə ixtisaslı kadrların
hazırlanmasına mühüm töhfə verəcəyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il
22 dekabr tarixli 858 nömrəli Sərəncamı ilə 2026-cı ilin
“Şəhərsalma və Memarlıq İli” elan edilməsi Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi və ADA Universiteti arasında əməkdaşlığın
əhəmiyyətini artırmaqla yanaşı, bu istiqamətdə əməkdaşlıq
perspektivlərinin daha da genişləndirilməsinə zəmin yaradır.

3 il müddətinə bağlanan Memorandum tərəflərin qarşılıqlı
razılığı əsasında uzadıla bilər, və şəhərsalma və memarlıq
sahəsində elmi potensialın artırılmasına, beynəlxalq təcrübənin
ölkədə tətbiqinə və Azərbaycanın qlobal urbanistik platformalarda
fəal iştirakına xidmət edəcək.

İmzalanma mərasimindən sonra Komitə sədri Anar Quliyev
İtaliya-Azərbaycan Universitetinin yeni tədris korpusu ilə tanış
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir