Samir Şərifov Dubayda Azərbaycanın logistika imkanları barədə son statistik məlumatları açıqladı (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov
Dubayda keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil
olunmuş “Yeni İpək Yolu” Forumunda çıxış edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, S.Şərifov öz nitqində
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin
kəsişməsindəki rolunun qlobal təchizat zənciri, o cümlədən “Bir
Kəmər, Bir Yol” təşəbbüsü, Orta Dəhliz üçün həlledici əhəmiyyət
daşıdığını vurğulayıb.

Baş nazirin müavini çıxışında ölkənin logistika imkanları barədə
son statistik məlumatları açıqlayıb.

O qeyd edib ki, 2025-ci ildə Orta Dəhliz vasitəsilə yükdaşımalar
11%, Şimal-Cənub dəhlizi üzrə isə 12% artıb. Samir Şərifov
Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində
illik ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırıldığını, Bakı
Beynəlxalq Dəniz Ticarət Limanının gücünün isə 25 milyon tona qədər
artırılmasının hədəfləndiyini diqqətə çatdırıb. Xüsusilə vurğulanıb
ki, 2025-ci ildə Bakı Limanında konteyner aşırılması (TEU) əvvəlki
illə müqayisədə 40% artaraq 107 mini keçib.

S.Şərifov həmçinin Vaşinqtonda əldə olunan üçtərəfli razılaşmaya
əsasən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)
kimi tanınan Zəngəzur Dəhlizinin strateji önəmindən bəhs edib. O
bildirib ki, bu layihə Avropa ilə Mərkəzi Asiya arasında etibarlı
quru əlaqəsi yaratmaqla yanaşı, 2040-cı ilə qədər 865,000 TEU
həcmində yük axınını təmin etmək potensialına malikdir.

Yekunda Baş nazirin müavini sərhəd keçidlərinin
rəqəmsallaşdırılması və gömrük proseduralarının harmonizasiyası
istiqamətində beynəlxalq əməkdaşlığın, xüsusilə Mərkəzi Asiya və
Cənubi Qafqaz ölkələri arasında kordinasiyanın vacibliyini qeyd
edərək, tərəfdaş ölkələri birgə fəaliyyətə çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir