
ABŞ prezidenti Donald Trump Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan barədə müsbət fikirlər səsləndirib.
Modern.az xəbər verir ki, o, Vaşinqtonda keçirilən səhər yeməyində çıxışı zamanı hər iki lideri “həqiqətən yaxşı liderlər” adlandırıb.
Tramp çıxışında bir daha beynəlxalq münaqişələrin həllində rolunu vurğulayaraq bildirib ki, müxtəlif regionlarda uzun illər davam edən qarşıdurmaların aradan qaldırılmasına töhfə verib. “Kamboca ilə Tailand, Kosovo ilə Serbiya, Pakistan ilə Hindistan, İsrail ilə İran, eləcə də Ermənistan ilə Azərbaycan arasında gərginlikləri nizamladım”, – deyə ABŞ prezidenti qeyd edib.
O, ötən ilin 8 avqustunda Vaşinqtonda keçirilmiş sammitin nəticələrinə də toxunub. Həmin sammitin yekununda üç ölkənin liderləri bir sıra tarixi sənədlər imzalayıb. Tramp bu kontekstdə bildirib ki, İlham Əliyev və Nikol Paşinyan uzun illər münaqişə şəraitində olsalar da, proses nisbətən qısa müddətdə irəliləyib. ABŞ prezidenti onların uzun müddət mübarizə apardıqlarını, lakin əldə olunan razılaşmaların vəziyyəti dəyişdiyini vurğulayıb.

