
Bakı. Trend:
Yeni tibbi araşdırmalara görə, autizm qadınlarda da kişilər
qədər yayıla bilər, lakin oğlanlarda uşaqlıq dövründə diaqnoz
qoyulma ehtimalı dörd dəfəyə qədər yüksəkdir.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
İsveçdə aparılan tədqiqatda 1985-2020-ci illər arasında İsveçdə
doğulmuş insanların autizm diaqnozu göstəriciləri araşdırılıb.
Araşdırmaya daxil edilən 2,7 milyon insanın 2,8 faizinə 2 – 37 yaş
arasında autizm diaqnozu qoyulub.
Tədqiqatçılar müəyyən ediblər ki, 20 yaşına qədər kişilər və
qadınlar arasında diaqnoz nisbətləri demək olar ki, bərabərdir. Bu
nəticə autizmin kişilər arasında daha çox yayıldığına dair əvvəlki
fərziyyələri şübhə altına alır.
Araşdırmanın aparıcı müəllifi Dr. Kerolin Fayf bildirib ki,
nəticələr autizmin yayılmasında gender fərqinin əvvəl düşünüləndən
daha az olduğunu göstərir:
“Qadın və qızlara çox zaman diaqnoz ya qoyulmur, ya da gec
qoyulur”.
Tədqiqatın nəticələrinə görə, uşaqlıq dövründə oğlanlara
qızlardan orta hesabla üç il əvvəl diaqnoz qoyulur. Diaqnoz zamanı
orta yaş qızlar üçün 15,9, oğlanlar üçün isə 13,1-dir. Ümumilikdə,
oğlanlarda 10 yaşına qədər autizm diaqnozu qoyulma ehtimalı qızlara
nisbətən üç-dörd dəfə daha çoxdur. Lakin yeniyetməlik dövründə
qızlarda diaqnozların artması səbəbindən bu fərq 20 yaşına qədər
demək olar ki, aradan qalxır.
Araşdırmada qeyd edilib ki, autizmli qızlara tez-tez
əhval-ruhiyyə və şəxsiyyət pozğunluqları kimi fərqli psixiatrik
diaqnozlar qoyulur və bu da əsas problemin gec müəyyən edilməsinə
səbəb olur.
Nəticələrə münasibət bildirən Milli Autizm Cəmiyyətinin dəlil və
tədqiqat rəhbəri Dr. Judith Brown vurğulayıb ki, gender heç vaxt
autizm diaqnozu və düzgün dəstəyə çıxış üçün maneə olmamalıdır.
Onun sözlərinə görə, qadınlar və qızlar autizm əlamətlərini daha
çox “maskalamağa” meylli olduqları üçün onların çətinliklərini
aşkar etmək daha mürəkkəb olur.

