
Bakı. Trend:
Almaniya Avropa İttifaqında (Aİ) ən çox əməkqabiliyyətli əhaliyə
malikdir.
Trend xəbər verir ki, bu
məlumat Federal Statistika İdarəsinin Aİ-nin “Eurostat” agentliyinə
istinadla apardığı təhlilinin nəticələrinə görə verilib.
“Tagesschau” nəşrinin məlumatına görə, təhlilin nəticələrində
qeyd olunub ki, Almaniyanın əməkqabiliyyətli əhalisinin 24 faizi
55-64 yaş arasındadır ki, bu da 40,9 milyon işləyən əhalinin
təxminən 9,8 milyonunu təşkil edir. Bu o deməkdir ki, Almaniyada
digər Aİ ölkələri ilə müqayisədə yaşlı işçilərin nisbəti daha
yüksəkdir və belə bir vəziyyət pensiya sistemi üçün çətinlik
yaradır.
Almaniyadan başqa, yaşlı işçilərin yüksək nisbəti İtaliyada
(23%) və Bolqarıstanda (22,3%) da müşahidə olunur.
Federal Statistika İdarəsi Almaniyada yaşlı işçilərin yüksək
nisbətinin səbəbi kimi əhalinin qocalmasını göstərir. Bundan əlavə,
təqaüd yaşının tədricən artırılması Almaniyada insanların daha gec
təqaüdə çıxmasına səbəb olur. 2029-cu ilə qədər qanuni pensiya yaşı
67-yə qaldırılacaq.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2025-ci ilin
sonlarında Almaniyanın pensiya sisteminə ciddi təzyiq barədə
xəbərdarlıq etmişdi. Növbəti 40 il ərzində bu ölkədə
əməkqabiliyyətli əhalinin sayı azalacaq. “Buna görə də əmək
müddətinin uzadılması gələcəkdə pensiyaların maliyyələşdirilməsi
üçün çox vacib olacaq”, – deyə OECD xəbərdarlıq edir.

