Ölkəmizin xarici siyasəti qlobal sülh və əməkdaşlığa real töhfələr verir – Kamaləddin Qafarov

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ölkəmizin
müasir xarici siyasət kursunun mahiyyətini bir daha aydın şəkildə
ortaya qoydu.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.

O, qeyd edib ki, bu səfər balanslı, praqmatik və çoxşaxəli
diplomatiyanın konkret nəticələr doğurduğunu nümayiş etdirməklə
yanaşı, Azərbaycanın qlobal və regional proseslərdə artan rolunu
təsdiqlədi:

“Xüsusilə Yaxın Şərq kimi strateji əhəmiyyətə malik bir regionda
BƏƏ ilə münasibətlərin ardıcıl şəkildə dərinləşdirilməsi mövcud
beynəlxalq reallıqlar fonunda uzaqgörən və çevik siyasi xəttin
göstəricisi kimi dəyərləndirilməlidir. Azərbaycan–BƏƏ münasibətləri
artıq təkcə siyasi dialoq müstəvisində deyil, iqtisadi, enerji və
təhlükəsizlik sahələrində də strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlməkdədir.”

Millət vəkili vurğulayıb ki, səfər çərçivəsində imzalanmış
sənədlər iki ölkə arasında əməkdaşlığın institusional əsaslarını
daha da möhkəmləndirir:

“Qeyd olunmalıdır ki, “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat
Nazirliyinə məxsus qeyri-nəzarət payının bir hissəsinin Əbu-Dabi
Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satılması
ilə bağlı sənəd enerji əməkdaşlığında keyfiyyətcə yeni mərhələnin
başlanğıcıdır. Bu addım Azərbaycanın enerji layihələrinin
beynəlxalq investisiyalar üçün cəlbediciliyini artırmaqla yanaşı,
ölkəmizin etibarlı enerji tərəfdaşı statusunu daha da gücləndirir.
Paralel olaraq Azərbaycan və BƏƏ Müdafiə Nazirlikləri arasında
müdafiə əməkdaşlığına dair niyyət məktubunun imzalanması
təhlükəsizlik sahəsində qarşılıqlı etimadın və strateji
koordinasiyanın dərinləşdiyini göstərir. Səfərin diqqətçəkən
məqamlarından biri də Prezident İlham Əliyev və BƏƏ Prezidenti Şeyx
Məhəmməd bin Zayed Əl Nəhyanın iki ölkənin silahlı qüvvələrinin
iştirakı ilə keçirilən “Sülh Qalxanı–2026” birgə əməliyyat-taktiki
təlimini izləmələri oldu. Bu fakt Azərbaycan–BƏƏ münasibətlərinin
yalnız siyasi bəyanatlar səviyyəsində deyil, praktiki müstəvidə də
inkişaf etdiyini, müdafiə sahəsində real əməkdaşlığın
formalaşdığını sübut edir. Birgə təlimlər regional və beynəlxalq
təhlükəsizlik təşəbbüslərinə töhfə verməklə yanaşı, Azərbaycanın
sülh və sabitliyə əsaslanan xarici siyasət konsepsiyasına tam
uyğundur. Səfərin ən mühüm siyasi və mənəvi hadisələrindən biri isə
əlbəttə ki, cənab Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı
Mükafatı”nın təqdim olunmasıdır. Dünyada sülhün təşviqi, beynəlxalq
əməkdaşlığın gücləndirilməsi və xalqlar arasında dialoqun
inkişafına verilən töhfələrə görə təqdim edilən bu nüfuzlu mükafat
Prezident İlham Əliyevin qlobal miqyasda artan nüfuzunun və
liderlik rolunun beynəlxalq səviyyədə tanınmasının bariz
nümunəsidir. Bu mükafat eyni zamanda Azərbaycanın multikulturalizm,
tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dövlət
siyasətinin beynəlxalq aləmdə yüksək qiymətləndirildiyini göstərir.
Beləliklə, BƏƏ-yə işgüzar səfər bir daha təsdiqlədi ki, Azərbaycan
Prezidentinin rəhbərliyi ilə yürüdülən xarici siyasət milli
maraqlara xidmət etməklə yanaşı, qlobal sülh və əməkdaşlıq
gündəliyinə real töhfələr verir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir