Mətbuat Şurası liseydə baş vermiş insidentlə bağlı mediaya müraciət etdi

Baş səhifə

Bakı. Trend:

“İdrak” liseyində baş vermiş insident ictimaiyyətin diqqət
mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil
ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən
yolverilməzdir.

Trend xəbər
verir ki, bu fikirlər Mətbuat Şurasının hadisə ilə bağlı yaydığı
bəyanatda öz əksini tapıb.

Bildirilib ki, bu, “Azərbaycan Jurnalistlərinin Etik Davranış
Qaydaları”na tamamilə ziddir:

“Belə ki, qaydaların “Şərəf və ləyaqətin qorunması, şəxsi
həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.9-cu bəndində
bildirilir ki, “jurnalist uşaqların məsumluğu və inamından
sui-istifadə etməməli, hüquqlarına hörmətlə yanaşmalı, onların
fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş
etdirməli, valideyinlərinin və ya qanuni himayəçilərinin icazəsi
olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir”.

Həmin bənddə o da bildirilir ki, “daha vacib ictimai əhəmiyyət
kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla,
jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya
fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli
nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş
uşaqların kimliyini mütləq qorumalıdır”.




Təəssüf ki, “İdrak” liseyindəki insidentlə bağlı üzərində
dayandığımız təqdimatda buna riayət edilmədi.

Media mənsublarının “İdrak” liseyi şagirdindən aldıqları
müsahibə, həmçinin, müsahibə zamanı yol verdikləri davranış
“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın
“Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının
qorunması” adlı 5-ci prinsipində əksini tapmış “ictimai əhəmiyyət”
anlayışı “ictimaiyyət üçün maraqlı” olan informasiya ilə
qarışdırılmamalıdır” tələbinin də pozulmasıdır. Onların hərəkəti
hadisə ilə bağlı əsl həqiqətləri üzə çıxarmaq məramına xidmət
deyildi və məlum olaya olan ictimai diqqətə adekvat peşəkar
davranış nümunəsi kimi qiymətləndirilə bilməz”.

Mətbuat Şurası jurnalistləri, xüsusən, ekstremal durumların,
cəmiyyətdə rezonans doğurmuş hadisələrin və belə olaylarla əlaqəli
məqamların işıqlandırılmasında emosiyalara qapılmamağa,
tələskənliyə yol verməməyə və konkret mahiyyət üzrə davranmağa
çağırıb:

“Unutmaq olmaz ki, həssaslıq ən böyük peşəkarlıq meyarıdır və
medianın yalnız yüksək peşəkar həssaslığı ilə hazırladığı
materiallar insanların informasiya tələbatını qarşılamaq
iqtidarındadır. Buna əks təmayüllərin hər biri cəmiyyətə
ziyandır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir