
Bakı. Trend:
Gözlərimiz həyatımızın ən qiymətli nemətlərindən biridir.
Dünyanı rənglər, formalar və hərəkətlərlə tanımağa imkan verən bu
möcüzəvi orqan gündəlik həyatımızın demək olar ki, bütün
sahələrində – oxumaqdan tutmuş işləməyə, idman etməkdən sürücülüyə
qədər – əvəzolunmaz rol oynayır.
Trend Səhiyyə
Nazirliyinə istinadən xəbər verir ki, Elmi-Tədqiqat Tibbi Bərpa
İnstitutunun oftalmoloqu Günel Məmmədova verdiyi məlumatlar
əsasında görmə orqanının quruluşu, ən çox yayılmış göz
xəstəlikləri, onların səbəbləri, müalicə üsulları və profilaktika
qaydaları haqqında ətraflı məlumat verib.
– Görmə orqanı haqqında məlumat verə
bilərsinizmi?
Görmə orqanı — Periferik görmə reseptoru – göz alması və onun
əlavə aparatı, görmə yolları və baş beyinin görmə mərkəzindən
ibarətdir. Göz alması cüt orqanı olub, kəllənin göz yuvalarında –
orbitallarda düzgün kürə formasında deyil. Sağital oxunun uzunluğu
– 24 mm, üfüqü – 23,6 mm, şaquli – 23,3 mm, göz almasının kütləsi
7-8 qrama bərabərdir. 3 qişası var. Bunlar xarici və ya fibroz,
orta, damarlı, daxili və ya tor qişalardır.
– Göz xəstəlikləri haqqında nə deyə
bilərsiniz?
-Ən çox rast gəlinən Sındırma qüsurlarıdır. Gözün optik
mühitlərinin işığı düzgün sındırmaması nəticəsində görmənin zəif
olmasıdır. Yaxından görmə (miopiya) – yəni uzağı zəif görmədir.
Uzaqdan görmə (hipermetropiya) – yaxını bulanıq görmədir.
Astiqmatizm – hər məsafədə bulanıq görmədir. Presbiopiya – yaşla
əlaqədar olaraq yaxın görmənin zəifləməsidir.
Gözün ön seqmentinin iltihabı xəstəlikləri, yəni Konyunktivit
“gözün iltihabı” kimi tanınır, allergik, virus və ya bakterial
mənşəli ola bilər. Keratit – buynuz qişa iltihabıdır. Katarakta –
göz büllurunun bulanması, görmənin tədricən zəifləməsinə səbəb
olur. Qlaukoma (göz təzyiqi) – görmə sinirinə ciddi zərər verən
xəstəlikdir. Çox vaxt ağrısız, lakin daimi görmə itkisinə səbəb ola
bilən, əsasən gizli gedişli xəstəlikdir. Retinopatiyalar – xüsusən
şəkərli diabet və yüksək təzyiq fonunda tor qişanın zədələnməsidir.
Makula degenerasiyası, əsasən yaşlılarda retinanın sarı nöqtə
hissəsinin zədələnməsi və görmənin itirilməsidir. İltihabı və digər
xəstəliklər- Uveit gözün orta təbəqəsinin iltihabıdır. Quru göz
sindromu – göz yaşı ifrazının və ya keyfiyyətinin azalmasıdır.
Uşaqlarda rast gəlinənlər çəpgözlük (strabizmus) – gözlərin
müştərək fəaliyyətinin və paralelliyinin pozulmasıdır. Tənbəl göz
(ambliopiya) – bir gözün görmə qabiliyyətinin digərindən və ya hər
iki gözün normadan daha aşağı olduğu vəziyyətdir.
– Göz quruluğu niyə yaranır və necə müalicə
olunur?
-Göz quruluğu, göz yaşının kifayət qədər istehsal olunmaması və
ya keyfiyyətinin pozulması nəticəsində göz səthinin kifayət qədər
nəmlənməməsi ilə yaranır. Bunun səbəbləri arasında ətraf mühit
amilləri (kondisioner və qızdırıcıların istifadəsi, quru, küləkli
hava), uzun müddət ekranlara baxmaq, bəzi dərmanların istifadəsi,
yaşlanma və sistem xəstəliklər daxildir. Uzun müddət kompüter və ya
mobil telefon kimi rəqəmsal ekranlara baxmaq gözlərin daha az
qırpılmasına, nəticədə isə quruluğun yaranmasına səbəb ola bilər.
Linzalardan düzgün istifadə edilməməsi gözyaşının sürətlə
buxarlanmasına və gözlərin qurumasına gətirib çıxarır. Yaş
irəlilədikcə, gözyaşı istehsalı azala bilər, bu da qadınlarda daha
çox rast gəlinən bir vəziyyətdir.
Gözə lazım olan nəmliyi təmin etmək üçün süni gözyaşları və ya göz
damlaları istifadə edilə bilər. Otaqda havanı nəmləndirmək, uzun
müddət ekranlara baxdıqdan sonra fasilə vermək lazımdır. Göz
qapaqlarının təmiz saxlanması və üzərinə ilıq kompres qoyulması
simptomları yüngülləşdirə bilər. Göz quruluğunun səbəbi bəzi
dərmanların istifadəsi olduqda, həkimlə məsləhətləşərək dərmanları
dəyişdirmək və ya dozanı tənzimləmək mümkündür. Əgər göz quruluğu
müalicə olunmursa və ya əlamətləri şiddətlənirsə, göz həkiminə
müraciət etmək vacibdir. Həkim diaqnoz qoyaraq ən uyğun müalicə
üsullarını təyin edəcək.
– Göz təzyiqinin müalicə taktikası necə
aparılır?
-Bu metodlara qeyri dərman, dərman, lazer müalicəsi, cərrahi
üsullar daxildir. Göz təzyiqinin müalicə taktikası əsasən göz
daxili təzyiqi azaldan damcılarla başlayır, lazım olduqda lazer və
cərrahi müdaxilə ilə davam etdirilir. Erkən diaqnoz və müntəzəm
nəzarət görmənin qorunmasında həlledici rol oynayır. Göz təzyiqi
hər kəs üçün risk olsa da, 40 yaşdan yuxarı insanlarda daha çox
rast gəlinir. Səssizcə görmə qabiliyyətinin azalmasına səbəb olan
bu xəstəlik, vaxtında müalicə edilməlidir.
Yüksək stress göz təzyiqi xəstəliyi riskini artırır. Bu səbəbdən
stress səviyyəsi də azaldılmalıdır.
Qeyd edim ki, kofein gözlərə qan axınını azaldır. Şəkər isə
gözlərin vaxtından əvvəl qocalmasına səbəb olur. Bu səbəbdən
qlaukoma xəstəliyi olan pasiyentlərin şəkərdən daha az istifadə
etmələri tövsiyə olunur.
– Göz narahatçılığıyla bağlı həkimə nə zaman müraciət
etmək lazımdır?
-Periferik, yan görmənin tədricən və ya qəfil itkisi, işıq
mənbəyinə baxdıqda ətrafında rəngli halqaların görülməsi, gözlərin
qızarması, göz ağrısı və baş ağrıları, ürəkbulanma və ya qusma
olarsa, həkimə müraciət edilməlidir. Onu da qeyd edim ki,
xəstəliyin erkən mərhələdə aşkar edilməsi, eyni zamanda görmə
qabiliyyətini qorumaq üçün ildə bir dəfə profilaktik oftalmoloji
müayinədən keçmək tövsiyə olunur.
– Uşaqlarda göz müayinəsinin aparılması ilə bağlı hansı
tövsiyələri verə bilərsiniz?
– Göz xəstəliklərindən xəbərsiz olduqları üçün valideynlər
səhlənkarlıq nəticəsində, müalicə yetkin yaşlarında çətin olan
problemlər yarada bilər. Bir çox ciddi göz xəstəlikləri erkən yaşda
ortaya çıxır. Lakin, uğurlu nəticələr erkən diaqnoz və düzgün
müalicə ilə əldə edilə bilər.
Heç bir şikayət olmasa belə 16 yaşa qədər uşaqların gözlərini
qorumaq üçün əsasən həyatın ilk bir ilində, məktəbə başlamazdan
əvvəl və məktəb dövründə mütəmadi göz müayinəsindən keçmək
lazımdır.
Lakin, aşağıdakı əlamətlər zamanı uşaq göz xəstəlikləri üzrə
mütəxəssisə yəni pediatrik oftalmoloqa müraciət etmək üçün vaxt
itirməmək lazımdır. Bunlara çəpgözlük, obyektləri izləyə bilməmək,
gözdə qızartı və ya yaşarma olarsa, gözdə nistaqm yəni qeyri –
iradi titrəməsi, bir gözü qıyma və ya bağlama, göz bəbəyinin ağ və
ya bulanıq rəngdə olması, vaxtından əvvəl doğulma, ailə göz
problemləri və ailədə göz tənbəlliyinin olması halları aiddir.
– Göz xəstəlikləri ilə bağlı tövsiyələriniz
nələrdir?
-İlk növbədə sağlam qidalanma. A vitamini (yerkökü, balqabaq,
ispanaq) – retina sağlamlığı üçün vacibdir. Omega-3 yağ turşuları
(balıq, qoz, kətan toxumu) – quru göz riskini azaldır. C və E
vitaminləri, sink, lutein və zeaksantin (yaşıl yarpaqlı tərəvəzlər,
yumurta sarısı) – makula degenerasiyası və katarakt riskini
azaldır.
Günəşdən qorunma da mühüm amildir. Günəşə çıxan zaman UV qoruyucu
filterli eynəklərdən istifadə etmək və şlyapa taxmaq
tövsiyədir.
Ekran qarşısında göz qorunmalıdır. Monitoru göz səviyyəsindən
bir qədər aşağı yerləşdirmək lazımdır. Quru göz sindromunun
qarşısını almaq üçün tez- tez göz qırpmağı unutmamaq və üç 20
qaydası, yəni hər 20 dəqiqədən bir 20 saniyə ərzində 20 fut ( 6
metr məsafədə ) uzaqlığa baxmaq məsləhətdir.

