Fərqli ideyalarla zəngin “GəncVİZYON” ideyatonu keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

4-6 fevral tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan
Respublikasının Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə
həsr olunmuş “GəncVİZYON” ideyatonu həyata keçirilib.

Trend xəbər verir ki,
ideyatonun əsas məqsədi gənclərin yaradıcı və innovativ
potensialını üzə çıxarmaq, onları real problemlərə praktiki və
dayanıqlı həllər təklif etməyə təşviq etmək, komanda işi, liderlik,
təqdimat və ünsiyyət baxarıqlarını gücləndirmək olub.

“GəncVİZYON” gənclərin ideyalarını konseptual səviyyədə
formalaşdıraraq təqdim etməsi üçün açıq və yaradıcı platforma
rolunu oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq
təşkil edilən bu layihənin əsas məqsədi təşəbbüskar və innovativ
gənc nəslin yetişdirilməsinə mühüm töhfə verməkdir.

“GəncVİZYON” ideyatonunun 4 fevral tarixində keçirilən ilkin
mərhələsində 240 gənc 40 komanda şəklində mentorların dəstəyi ilə
gələcəyin təhsili və bacarıqları, gənclərin məşğulluğu və
sahibkarlıq, rəqəmsal gələcək və süni intellekt, sosial təşəbbüslər
və könüllülük, eləcə də yaşıl və dayanıqlı gələcək kimi
istiqamətlər üzrə ideyalarını formalaşdırıblar. Daha sonra
mentorların dəyərləndirməsi nəticəsində hər istiqamət üzrə 2
komanda olmaqla, ümumilikdə 10 komanda final mərhələsində iştirak
hüququ qazanıb. Dəyərləndirmə zamanı ideyaların innovativliyi,
sosial təsiri, reallığa uyğunluğu və strateji yanaşması əsas
meyarlar kimi nəzərə alınıb.

İdeyatonun 6 fevral tarixində baş tutan final mərhələsində isə
komandalar ideyalarını təkmilləşdirərək münsiflər heyətinə təqdim
ediblər. Münsiflər heyətinin qərarına əsasən 3 komanda qalib elan
olunub.




Final mərhələsinin bağlanış mərasimində çıxış edən Gənclər
Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev,
gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisinin
deputatı Göydəniz Qəhrəmanov, ekologiya və təbii sərvətlər
nazirinin müşaviri Rüstəm Həsənov, “Nar”ın Korporativ Ünsiyyət və
PR Departamentinin Direktoru Hökümə Kərimova ideyatonun
əhəmiyyətindən, gənclərin strateji düşüncə və gələcəyə yönəlik
baxışlarının formalaşdırılmasında bu cür təşəbbüslərin rolundan,
yaradılan imkanlar və perspektivlərdən bəhs ediblər.

İdeyatonun yekununda qalib komandalar mükafatlandırılıb.

Qeyd edək ki, “GəncVİZYON” ideyatonu Gənclər Fondu,Gənclər
Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı
Tələbələr və Məzunlar Platforması, “Böyük Qayıdış” Gənclər
Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı, “Gənclərin
Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər”
İctimai Birliyinin birgə təşkilatçılığı və “Nar”ın tərəfdaşlığı ilə
həyata keçirilib.

Bununla yanaşı, Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri
Gününə həsr olunmuş “GəncLAND” Gənclər Festivalı, “GəncİNTELLEKT”
ölkənin ən böyük fərdi intellektual yarışı və “GəncTALKS”
Motivasiya Platforması adlı genişmiqyaslı tədbirlər də baş tutub.
Silsilə tədbirlər gənclərin sosial fəallığının artırılması,
yaradıcılıq və innovativ düşüncə tərzinin təşviqi, eləcə də onların
asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir