UNEC-in “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü ilə Naxçıvanda silsilə görüşlər keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

UNEC-in rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi
nümayəndə heyəti “Elmin populyarlaşdırılması” və “Elm gözəldir:
məktəbdən elmə” təşəbbüsləri çərçivəsində Naxçıvan Muxtar
Respublikasında səfərdə olub.

Səfərin ilk günündə UNEC rektoru, professor Ədalət Muradov,
millət vəkili Vüqar Rəhimzadə, elm və innovasiya məsələləri üzrə
prorektor Rövnəq Rzayev, professor Mahirə Hüseynova, akademik
Muxtar İmanov və UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin
direktoru, dosent Etibar Əliyevin təmsil olunduğu nümayəndə heyəti
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla
görüşüb.

Görüş zamanı UNEC-in elm və təhsilin populyarlaşdırılmasına
yönəlmiş təşəbbüsləri barədə ətraflı məlumat verilib. UNEC-in
məzunu olan Ceyhun Cəlilov universitetin bu təşəbbüslərini yüksək
qiymətləndirib. Görüşdə Prezident İlham Əliyevin Naxçıvanın
sosial-iqtisadi və elmi inkişafı ilə bağlı tapşırıqları əsasında
fikir mübadiləsi aparılıb.

Təşəbbüslər çərçivəsində növbəti görüş Naxçıvan Dövlət
Universitetində (NDU) baş tutub. Nümayəndə heyəti universitetin
kampusu, mövcud tədris və elmi infrastrukturu ilə yaxından tanış
olub. Ziyarət zamanı Naxçıvan İnnovasiya Mərkəzində həyata
keçirilən innovativ layihələr, startap təşəbbüsləri və gənclərin
elmi-texnoloji inkişafına yönəlmiş fəaliyyətlər təqdim edilib.
Həmçinin Pedaqoji fakültədə fəaliyyət göstərən Texnologiya Mərkəzi,
Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində yerləşən
Biotexnologiya Mərkəzi, eləcə də mövcud laboratoriya imkanları və
elmi tədqiqat istiqamətləri barədə məlumat verilib. Səfər
çərçivəsində Tibb fakültəsinin Sitologiya və Anatomiya kabinələri,
Stomatoloji Simulyasiya Mərkəzi də nümayəndə heyətinə təqdim
olunub.

Bundan əlavə, nümayəndələr NDU-nun Tələbə yataqxanası, Qonaq evi
və Elmi Kitabxanasını ziyarət edərək, tələbələr və qonaqlar üçün
yaradılmış sosial-məişət şəraiti və elmi informasiya resursları ilə
tanış olublar.

Səfər çərçivəsində NDU-nun professor-müəllim heyəti ilə görüş də
keçirilib. Görüşdə Prezident İlham Əliyevin tövsiyələri əsas
götürülərək ana dilinin saflığının qorunması və inkişaf etdirilməsi
məsələlərinə xüsusi diqqət yetirilib.




UNEC rektoru, professor Ədalət Muradov elmin
populyarlaşdırılması təşəbbüsünün əhəmiyyətindən və bu istiqamətdə
NDU ilə əməkdaşlığın vacibliyindən danışıb. Professor Mahirə
Hüseynova və akademik Muxtar İmanov Azərbaycan dilinin elmi və
ictimai həyatda rolu ilə bağlı fikirlərini bölüşüblər. UNEC Elmin
Populyarlaşdırılması Mərkəzinin direktoru, dosent Etibar Əliyev isə
elmin populyarlaşdırılması sahəsində beynəlxalq təcrübə barədə
məlumat verib.

Görüş zamanı ali təhsil müəssisələri arasında elmi əməkdaşlıq,
innovasiya yönümlü layihələrin birgə icrası və akademik mübadilə
imkanları müzakirə edilib. Tədbirin sonunda UNEC və NDU arasında
Əməkdaşlığa dair Memorandum imzalanıb.

Səfər çərçivəsində nümayəndə heyəti NDU nəzdində fəaliyyət
göstərən Beynəlxalq Məktəbin şagirdləri ilə də görüş keçirib.
Görüşün əsas məqsədi məktəblilər arasında elmi düşüncəni təşviq
etmək və gəncləri erkən yaşlardan tədqiqatçılığa həvəsləndirmək
olub. Çıxış edənlər vurğulayıblar ki, elm uzaq və mürəkkəb bir sahə
deyil, gündəlik həyatın ayrılmaz hissəsidir.

Rektor Ədalət Muradov gənclərə müraciət edərək elmlə məşğul
olmağın yaş həddi tanımadığını və hər bir gəncin elmə töhfə verə
biləcəyini bildirib.

Görüşdən sonra qonaqlar Beynəlxalq Məktəbin infrastrukturu ilə
tanış olublar, şagirdlərin laboratoriyalarda apardıqları
təcrübələri izləyiblər. Gənc tədqiqatçıların elmi marağı və
hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.

Tədbirin sonunda UNEC tərəfindən məktəbin kitabxanasına
elmi-kütləvi və maarifləndirici ədəbiyyatlar hədiyyə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir