Sədr müavini Kanadada bir sıra görüşlər keçirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədrinin müavini Vaqif Seyidbəyov Kanadaya işgüzar səfəri
çərçivəsində bir sıra görüşlər keçirib.

Trend xəbər verir ki, bu
barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitə sədrinin müavini Toronto Azərbaycan Evinin fəaliyyəti ilə
yaxından tanış olub. Azərbaycan Evinin və “Vətən” Azərbaycan
İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova evin
fəaliyyəti və qarşıdakı planlar barədə ətraflı məlumat verib.




Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan
Evlərinin soydaşlarımızın şəbəkələşməsinə, Vətəndən uzaqda özlərini
yalnız hiss etməməsinə və gənc nəsildə milli birliyin
formalaşmasına xüsusi xidmət etdiyi vurğulanıb. Sədr müavini daha
sonra Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim
Azərbaycanım” həftəsonu məktəbini ziyarət edib. Şagirdlər məktəbdə
özlərinə azərbaycanlı dostlar tapdıqlarını, ana dilini
öyrəndiklərini, festivallarda və tədbirlərdə Azərbaycanın milli
rəqsləri ilə çıxış etdiklərini qürurla dilə gətiriblər Məktəbin
müəllimləri gənc soydaşlarımızın milli ruhda tərbiyə edilməsi,
zəngin mədəniyyətimizin qorunması və təbliğində həftəsonu
məktəblərinin əvəzsiz rolundan danışıblar. Soydaşlarımıza
göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə
minnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində Kanadadakı Azərbaycan icması ilə görüş
keçirilib. Sədr müavini komitənin dəstəyi ilə dünyanın müxtəlif
ölkələrində təşkil olunan genişmiqyaslı layihələrin soydaşlarımızın
həmrəyliyinə hesablandığını ifadə edib. Görüş iştirakçıları
həmvətənlərimiz arasında güclü bağın qurulması, qarşılıqlı dəstək
mexanizmlərinin yaradılması, eləcə də Kanadaya yeni gələn
soydaşlarımızın adaptasiyası mövzusunda müxtəlif təkliflər
səsləndiriblər. İcmanın ağsaqqalları Kanadada yaşayan
azərbaycanlıların bir arada olması, milli kimliyin və ana dilinin
qorunmasına göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət
Komitəsinə təşəkkür ediblər.

Komitə sədrinin müavini Toronto Universitetində yerləşən “Tomas
Fişer” (Thomas Fisher) Nadir Əsərlər Kitabxanasını da ziyarət edib.
Kitabxanada Azərbaycan dilində yazılan əsərlər, azərbaycanlı
müəlliflərin başqa dillərə tərcümə olunan nadir kitabları, o
cümlədən Nizami Gəncəvinin 1517-ci ilə aid “İqbalnamə” əlyazması,
Füzulinin “Leyli və Məcnun” əsərinin Təbrizdə çap olunan ilk nəşri
və XVIII əsrə aid təzhibli Qurani-Kərim nüsxələri ilə tanış olub.
Toronto Universitetinin Yaxın və Orta Şərq, eləcə də İslam dünyası
kitab kolleksiyalarına nəzarət edən Lalə Cavanşir Azərbaycan mədəni
irsinin Toronto Universitetində necə təmsil olunduğu və qorunduğu
barədə məlumat verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir