
Bakı. Trend:
Azərbaycanın 2006-cı ildə qəbul edilən Dəniz Əməyi
Konvensiyasına qoşulmasına hazırlıq prosesinə dəstək göstərilməsi
nəzərdə tutulur.
Bunu Trend-ə
verdiyi müsahibədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa
və Mərkəzi Asiya ofisinin direktoru Mixail Puşkin bildirib.
M.Puşkin qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,
eləcə də Azərbaycanın Dövlət Dəniz və Liman Agentliyi ilə yüksək və
texniki səviyyələrdə aparılmış son müzakirələrin yekunlarına
əsasən, BƏT və onun milli tərəfdaşları (hökumət, işəgötürənlər və
işçilər təşkilatları) əməkdaşlığın prioritet istiqamətlərini (ilk
növbədə dəniz sektorunda) müəyyən ediblər.
O bildirib ki, bununla yanaşı, Azərbaycanın 2006-cı ilin Dəniz
Əməyi Konvensiyasına qoşulmasına hazırlığının dəstəklənməsi də
nəzərdə tutulur.
“Müzakirələr, həmçinin dəniz sektorunda əmək münasibətlərinin
idarə edilməsinin rəqəmsal transformasiyasını, o cümlədən idarəetmə
standartları üzrə təlimləri, rəqəmsal alətlərin istifadəsini və
dəniz əməyi üzrə dəyişən dünya üçün zəruri bacarıqların inkişafını
əhatə edib. Bu əməkdaşlıq istiqamətləri 2025-ci ilin noyabrında
imzalanmış Azərbaycanın 2025–2029-cu illər üçün “Layiqli Əmək üzrə
Ölkə Proqramı” çərçivəsində həyata keçirilir və hökumət, eləcə də
sosial tərəfdaşlarla sıx əlaqələndirmə şəraitində icra olunacaq”, –
deyə o əlavə edib.
Beynəlxalq əmək standartları və BƏT-in Azərbaycanda əmək
bazarının rəqəmsal transformasiyasındakı rolu
Direktorun sözlərinə görə, rəqəmsal transformasiya və əmək
sahəsinin gələcəyi kontekstində BƏT mövcud beynəlxalq əmək
standartlarının tam aktual olaraq qaldığını hesab edir.
O, xüsusilə qeyd edib ki, əmək sahəsində əsas prinsiplər və
hüquqlar, əmək münasibətləri, əməyin mühafizəsi və təhlükəsizlik
texnikası, iş vaxtı və bacarıqların inkişafına dair normalar
texnoloji dəyişikliklərin layiqli əməyə töhfə verməsi üçün mühüm
normativ əsasları formalaşdırır.
“Bu yanaşma BƏT-in “Əməyin Gələcəyi üzrə Yüzillik
Bəyannamə”sində əksini tapıb. Həmin sənəd texnoloji dəyişikliklərə
insan yönümlü yanaşmanın, sosial dialoq, ömürboyu fasiləsiz təhsil
və əmək bazarının effektiv institutları ilə dəstəklənməsinin
vacibliyini vurğulayır. BƏT milli prioritetlər və şərait nəzərə
alınmaqla bu standartların tətbiqində öz üzvlərini dəstəkləməyə
davam edir”, – deyə M.Puşkin yekunlaşdırıb.

