
Bakı. Trend:
Özəl investisiyaların cəlb edilməsi nəqliyyat infrastrukturunun
inkişafı və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin uzunmüddətli
dayanıqlığının təmin olunması baxımından həlledici əhəmiyyət
daşıyır.
Trend xəbər verir
ki, bu barədə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən
meta-tədqiqatda (EU-funded meta-study) qeyd olunur.
Tədqiqata əsasən, özəl iştirakçılar təkcə kapital təmin etməklə
kifayətlənmir, eyni zamanda səmərəlilik, innovasiyalar və əməliyyat
intizamı gətirirlər ki, bu da nəqliyyat xidmətlərinin keyfiyyətini
və etibarlılığını əhəmiyyətli dərəcədə artıra bilər.
Qeyd olunur ki, xüsusilə Avropa və digər beynəlxalq şirkətlərin
iştirakı qiymətli bazar təcrübəsi, innovasiya potensialı və
dayanıqlı logistika, “yaşıl texnologiyalar” və rəqəmsallaşma
sahələrində ən yaxşı təcrübələrə çıxış imkanı yarada bilər.
“Bu potensialın reallaşdırılması üçün hökumətlər və regional
institutlar dövlət-özəl tərəfdaşlığını təşviq edən və investisiya
risklərini azaldan siyasət çərçivələrini gücləndirməlidirlər.
Buraya şəffaf satınalma prosedurlarının müəyyən edilməsi, normativ
standartların harmonizasiyası, eləcə də xərclərin ödənilməsi və
gəlirlərin bölüşdürülməsi üzrə aydın mexanizmlərin hazırlanması
daxildir.
İnvestorlar üçün proqnozlaşdırılan və cəlbedici şərait
yaradaraq, Orta Dəhliz boyunca yerləşən ölkələr həm yerli, həm də
beynəlxalq şirkətlərin daha fəal iştirakını stimullaşdıra, kritik
əhəmiyyətli layihələrin icrasını sürətləndirə və regionda müasir,
dayanıqlı və qarşılıqlı uyğun nəqliyyat şəbəkəsinin formalaşmasına
töhfə verə bilərlər”, – deyə Aİ-nin hesabatında bildirir.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

