
Bakı. Trend:
ABŞ Ukrayna müharibəsinin yaya qədər başa çatdırılmasına can
atır və çox güman, bu məqsədə nail olmaq üçün Kiyevə təzyiq
göstərəcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir
Zelenski jurnalistlərə bildirib.
“ABŞ müharibəni yay başlanana qədər bitirməyi təklif edir və,
görünür, bu qrafika uyğun olsun deyə təzyiq göstərəcək … Niyə
məhz yaya qədər? Anladığımız qədər, burada onların daxili
məsələləri rol oynayır və həmin məsələlər onlar üçün daha aktual
olacaq”,- deyə o bildirib.
Qeyd edək ki, 2026-cı ilin noyabrında ABŞ-də aralıq seçkilər
keçiriləcək və bu seçkilərdə demokratlar Konqres üzərində nəzarəti
yenidən əldə etməyə ümid edirlər.
Ukrayna Prezidenti bundan başqa qeyd edib ki, ABŞ nümayəndələri
Əbu-Dabidə keçirilən danışıqlarda “enerji atəşkəsi” elan etməyi
təklif ediblər və Ukrayna buna razılaşıb.
O, Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasındakı
danışıqların nəticələrini şərh edərkən əlavə edib ki, əsirlərin
mübadiləsi davam etməlidir.

