
Bakı. Trend:
8 fevral tarixində “Virgin Atlantic” aviaşirkətinə məxsus hava
gəmisinin komandiri London–Dehli marşrutu üzrə yerinə yetirilən
reys zamanı sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə qeydə
alındığı üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş
üçün müraciət edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən
Trend-ə bildirilib
ki, airbus A350 tipli təyyarə yerli vaxtla saat 21:26-də Heydər
Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Enişdən dərhal sonra sərnişinə tibbi xidmət tərəfindən operativ
şəkildə ilkin tibbi yardım göstərilib. Hazırda sərnişinin vəziyyəti
ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq aviasiya və
təhlükəsizlik tələblərinə uyğun olaraq bütün aidiyyəti qurumlarla
koordinasiyanı təmin edib. Aeroport tərəfindən uçuş təhlükəsizliyi
və sərnişinlərin sağlamlığı prioritet olaraq qorunur və bu
istiqamətdə bütün əməliyyatlar operativ şəkildə icra edilir.

