
Bakı. Trend:
Naxçıvan dəmir yolu layihəsi həm Azərbaycana, həm də Avropa
İttifaqına (Aİ) fayda gətirəcək.
Bu barədə Trend-ə
Avropa Komissiyasının nümayəndəsi deyib.
Aİ-nin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş Direktoru Qert
Yan Kupmanın 2026-cı ilin yanvar ayında Bakıya səfərini xatırladan
nümayəndə qeyd edib ki, səfər zamanı Aİ-Azərbaycan münasibətlərini
inkişaf etdirmək və Aİ-nin regional əməkdaşlığın normallaşdırılması
və inkişaf etdirilməsi səylərinə dəstəyini bir daha təsdiqləmək
üçün Azərbaycan nazirləri və rəsmiləri ilə yüksək səviyyəli
görüşlər keçirilib.
“Müzakirələr iqtisadi əlaqələrin gücləndirilməsi, Transxəzər
Nəqliyyat Dəhlizi boyunca əlaqələrin inkişaf etdirilməsi və enerji
əməkdaşlığının dərinləşdirilməsinə yönəlib. Aİ-Azərbaycan
tərəfdaşlığının daha da inkişaf etdirilməsində, xüsusən də regional
sabitliyə, davamlı iqtisadi artıma və Avropa ilə Asiya arasında
əlaqənin gücləndirilməsinə töhfə verən sahələrdə ortaq maraq var.
Bu kontekstdə Naxçıvan dəmir yolu layihəsinin texniki-iqtisadi
əsaslandırmasına başlamaq barədə razılıq əldə edilib. Bu
investisiya geosiyasi öhdəlikləri konkret infrastruktura çevirəcək,
Transxəzər Nəqliyyat Dəhlizini gücləndirəcək və həm Azərbaycana,
həm də Avropa İttifaqına fayda gətirəcək”, – deyə Avropa
Komissiyasının nümayəndəsi bildirib.
Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, Avropa İttifaqı
üçün əsas prioritet “Orta Dəhlizin regional sabitlik və iqtisadi
inteqrasiya üçün strateji əhəmiyyətini qəbul edərək, etimad
quruculuğu tədbirləri vasitəsilə Azərbaycan və Ermənistan arasında
sülh prosesinə dəstək vermək, eləcə də Regionlararası Əlaqə
Gündəliyimizin həyata keçirilməsidir”.
O əlavə edib ki, Aİ-nin Global Gateway təşəbbüsü və
Regionlararası Əlaqə Gündəliyi çərçivəsində tərəflər nəqliyyat,
enerji, rəqəmsal texnologiyalar və ticarət sahələrində əməkdaşlığı
dərinləşdirmək barədə razılığa gəliblər:
“Bizim ortaq məqsədimiz regionda iqtisadi imkanları,
uzunmüddətli əməkdaşlığı və ortaq rifahı təşviq edən davamlı və
etibarlı nəqliyyat əlaqələri yaratmaqdır. Azərbaycanla birlikdə,
sülhü və sabitliyi gücləndirən, infrastrukturu modernləşdirən və
Transxəzər Nəqliyyat Dəhlizinin bütün potensialını üzə çıxaran
bağlantı inkişafı üçün iddialı bir baxışı bölüşürük. Bu
əməkdaşlığın konkret nümunəsi, Avropa İttifaqı və Azərbaycan
arasında Naxçıvanda dəmir yolu layihəsinin texniki-iqtisadi
əsaslandırmasına başlamaq üçün Avropa Yenidənqurma və İnkişaf Bankı
(AYİB) ilə bağlanmış bu yaxınlarda əldə edilmiş razılaşmadır. Bu
layihə Azərbaycanda və daha geniş regionda mobilliyi və iqtisadi
axınları yaxşılaşdırmaq üçün əsas investisiyadır və Avropa ilə
Mərkəzi Asiya arasında 15 günlük hədəf tranzit müddəti ilə
Transxəzər Dəhlizinin ayrılmaz hissəsidir”, – deyə Avropa
Komissiyasının nümayəndəsi qeyd edib.
O əlavə edib ki, Avropa Komissiyası Naxçıvanda dəmir yolunun
inkişafını birgə strateji prioritet kimi görür, geosiyasi
öhdəlikləri davamlı sülh və rifah üçün əsas ola biləcək konkret
infrastruktura çevirir, eyni zamanda ABŞ-nin Trampın Sülh və Rifah
Marşrutu Layihəsində (TRIPP) iştirakını tamamlayır: “”Sərt”
infrastruktura investisiyalarla yanaşı, biz həmçinin Əlaqə
Gündəliyimizə uyğun olaraq yumşaq infrastrukturun inkişafı və
qaydaların uyğunlaşdırılması tədbirlərini də dəstəkləyəcəyik”.

