
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 9–11-də Cənubi Qafqaza səfər edəcək. Səfər çərçivəsində Vens 9–10 fevral tarixlərində Ermənistanda, 10–11 fevral tarixlərində isə Azərbaycanda olacaq. Bu, 2008-ci ildə regiona səfər etmiş “Dik Çeyni”dən sonra ABŞ-dən Cənubi Qafqaza gələn ilk vitse-prezident səfəridir.
Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, səfər iki əsas istiqamət üzrə qiymətləndirilə bilər. Birinci istiqamət ABŞ-nin 18 ildən sonra regiona yenidən xüsusi diqqət ayırmasıdır. İkinci istiqamət isə Vaşinqtonun Cənubi Qafqaz siyasətində ənənəvi Tbilisi xəttindən daha çox Bakı–İrəvan xəttinə üstünlük verməsidir.
Şərhçiyə görə, bu yanaşmalar Zəngəzur dəhlizi (TRİPP) layihəsi üzərində birləşir. Sözügedən layihə ABŞ üçün təkcə regionda Rusiya və İrana qarşı mövqelərin gücləndirilməsi baxımından deyil, həm də Orta Dəhliz marşrutu vasitəsilə Mərkəzi Asiyaya çıxış və Çin–Avropa xəttinə nəzarət imkanları baxımından əhəmiyyət daşıyır.
Asif Nərimanlı qeyd edib ki, Vensin gündəliyində iki məsələ xüsusi yer tutur. Birincisi, Vaşinqtonun vasitəçiliyi ilə formalaşan Bakı–İrəvan sülh prosesinin inkişaf etdirilməsi və bu xətt üzrə ticarət, tranzit və regional əməkdaşlığın genişləndirilməsi imkanlarının reallaşdırılmasıdır. İkincisi isə Zəngəzur dəhlizi layihəsinin praktiki icrasının sürətləndirilməsidir.
Şərhçinin fikrincə, bu səfər eyni zamanda ABŞ-ın regionda sülh prosesinin və kommunikasiyaların əsas təminatçılarından biri olduğunu yerində nümayiş etdirmək cəhdi kimi də dəyərləndirilə bilər. O əlavə edib ki, səfər Kremlin Bakı–İrəvan sülh prosesinə müdaxilə cəhdləri fonunda Rusiyaya da açıq mesaj xarakteri daşıyır.
Asif Nərimanlı hesab edir ki, əvvəlki dövrlərlə müqayisədə Rusiyanın regiona təsir imkanları zəifləsə də, Vensin səfərindən sonra Moskvanın Azərbaycan və Ermənistana qarşı siyasi və informasiya təzyiqlərinin artması ehtimalı istisna edilmir.

