
Bakı. Trend:
Dinamik iqtisadi inkişaf, açıq xarici siyasət və aparılan
islahatlar Azərbaycanı iqtisadiyyat, energetika, turizm,
rəqəmsallaşma və təhsil sahələrində İndoneziya üçün perspektivli
tərəfdaşa çevirir.
Bunu Trend-ə özəl
müsahibəsində İndoneziyanın Azərbaycandakı Fövqəladə və
Səlahiyyətli Səfiri Berlian Helmi deyib.
“Bakıya gəlişimdan qabaq Azərbaycanı müxtəlif mənbələrdən
öyrənmişdim və deyə bilərəm ki, bu, çox dinamik və enerji dolu
ölkədir. Azərbaycan strateji əhəmiyyətə malikdir və İndoneziya üçün
mühüm strateji tərəfdaşa çevrilə bilər”, – deyə diplomat qeyd
edib.
Onun sözlərinə görə, ölkəyə verilən müsbət qiymət bir neçə amilə
əsaslanır:
“Birincisi, Azərbaycan regionun sürətlə inkişaf edən, mütərəqqi
iqtisadiyyata malik ölkəsidir. Azərbaycan çoxsaylı nailiyyətlər
nümayiş etdirir və makroiqtisadi göstəricilər sabit artım əks
etdirir.
İkincisi, hökumətin daxili siyasəti digər ölkələrlə əməkdaşlığa
yönəlib. Azərbaycan, dünyanın müxtəlif dövlət və regionları ilə
qarşılıqlı fəaliyyətə açıq olan bir ölkədir”.
Səfir əlavə edib ki, Azərbaycan dövlət siyasətində mühüm
islahatlar və transformasiyalar həyata keçirib və bunlar artıq,
xüsusilə iqtisadi sahədə, nəzərəçarpan nəticələr verib ki, bu da
ölkənin gələcək inkişafı üçün perspektivlər yaradır.
“Əməkdaşlığa açıq olması sayəsində İndoneziya biznes,
investisiya, ticarət, turizm və digər sahələrdə qarşılıqlı faydalı
layihələrin həyata keçirilməsində Azərbaycanın strateji tərəfdaşı
ola bilər. Ölkənin Asiya ilə Avropanın kəsişməsində yerləşən
coğrafi mövqeyi Azərbaycanı İndoneziya üçün Avropa bazarlarına
çıxış baxımından perspektivli haba çevirir. Eyni zamanda,
Azərbaycan sosial və mədəni sahələrdə, xüsusilə gənclər arasında
dinamik inkişaf nümayiş etdirir ki, bu da əməkdaşlıq üçün əlverişli
şərait yaradır”, – deyə B. Helmi bildirib.
İkitərəfli əməkdaşlığın prioritetləri
İndoneziya səfiri vurğulayıb ki, onun ilk prioritet vəzifəsi
ikitərəfli əməkdaşlığın institusional və siyasi infrastrukturunun
formalaşdırılmasıdır:
“Bu, İndoneziya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət
üçün kompleks strateji çərçivənin yaradılmasını əhatə etməlidir ki,
bu da mövcud və gələcək əməkdaşlıq üçün təməl rolunu oynayacaq.
Bir nömrəli vəzifə hər iki ölkənin hökumətlərinin səylərini
birləşdirmək və strateji tərəfdaşlığı rəsmi şəkildə
sənədləşdirməkdir. Daha sonra iqtisadi və sosial sahələrin
inkişafına diqqət yetirməyi planlaşdırıram.
İkinci prioritet isə ticarət dövriyyəsinin artırılması və mal və
xidmətlər çeşidinin genişləndirilməsidir”.
O, indoneziya məhsulları üçün Azərbaycanın daxili bazarına daha
geniş çıxışın təmin edilməsinin, eləcə də hər iki ölkənin
sahibkarları arasında kommunikasiya, təmaslar və danışıqların
sadələşdirilməsinin vacibliyini vurğulayıb.
“Bilik mübadiləsi mühüm aspektdir. Biznes icmaları ticarət və
investisiyaların səmərəli inkişafı üçün bir-birinin potensialını və
imkanlarını daha yaxşı anlamalıdır”, – deyə səfir qeyd edib.
Energetika: ənənəvi və yeni mənbələr
“Enerji sektorunda biz enerji resurslarının Azərbaycandan
İndoneziyaya sabit tədarükünə, həmçinin ‘yaşıl’ enerji sahəsində
əməkdaşlığa və enerji mənbələrinin şaxələndirilməsinə diqqət
yetirəcəyik.
Mühüm istiqamətlərdən biri ərzaq təhlükəsizliyidir. Biz
İndoneziyanın kənd təsərrüfatı üçün son dərəcə vacib olan
gübrələrin etibarlı tədarükçüsü kimi Azərbaycana ümid edirik”, –
deyə səfir bildirib.
Diplomat həmçinin su ehtiyatlarının dayanıqlılığı və su
təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb. “Azərbaycan, o cümlədən
Xəzər dənizinin suyunun şirinləşdirilməsi texnologiyaları da daxil
olmaqla, təmiz içməli su ilə təminat sahəsində geniş təcrübəyə
malikdir və bu istiqamətdə əməkdaşlığın inkişafı bizim üçün
vacibdir”, – deyə o əlavə edib.
Təhsil məsələlərinə toxunan səfir qeyd edib: “Sənaye 4.0
kontekstində bizi texnoloji və elmi əməkdaşlıq, xüsusilə STEM
istiqamətləri – elm, texnologiya, mühəndislik və riyaziyyat
maraqlandırır”.
Rəqəmsallaşma transformasiya aləti kimi
“Ən geniş mənada rəqəmsallaşma transformasiya konsepsiyasıdır.
İqtisadi və sosial kontekstdə baxdıqda, məhz bu istiqamətlərdə
Azərbaycanla əməkdaşlığı inkişaf etdirməliyik. Əsas məqsəd rəqəmsal
texnologiyalar vasitəsilə transformasiyanı sürətləndirmək və
iqtisadi səmərə əldə etməkdir.
İndoneziya məhsullarının Azərbaycan bazarında müasir rəqəmsal
platforma və alətlər vasitəsilə təşviqi vacibdir. Buna görə də
mənim vəzifələrimdən biri ölkələrimiz arasında ticarət və biznesin
dəstəklənməsi üçün rəqəmsallaşma sahəsində əməkdaşlığın
inkişafıdır”, – deyə B. Helmi bildirib.
Sosial sahədə diplomat rəqəmsal savadlılığın əhəmiyyətini
vurğulayıb: “Bu, cəmiyyətlərin bir-birinin mədəniyyətini və
xüsusiyyətlərini daha yaxşı anlamasına kömək edir. İndoneziyalılar
Azərbaycanı, Azərbaycan gəncləri isə İndoneziyanı daha yaxından
tanımalıdır”.
“Bunun üçün təhsil sahəsində əməkdaşlığı və mübadilə
proqramlarını inkişaf etdirmək, həmçinin ölkələrimiz haqqında
məlumat və informasiya mübadiləsini həyata keçirmək lazımdır.
Materiallar açıq olmalı və rəqəmsal formatda əlçatan təqdim
edilməlidir”, – deyə o əlavə edib.
Beynəlxalq arenada qarşılıqlı dəstək
“Biz İndoneziya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın
möhkəmləndirilməsində böyük potensial görürük. Mənim vəzifəm
siyasət və iqtisadiyyatdan tutmuş təhsil, energetika, turizm və
rəqəmsallaşmayadək bütün əməkdaşlıq sahələrinin harmonik inkişafını
təmin etmək və hər iki ölkə üçün qarşılıqlı faydalı imkanlar
yaratmaqdır”, – deyə səfir yekunlaşdırıb.

