
Bakı. Trend:
Azərbaycan məhsulları Çinin Kommersiya Nazirliyinin və Pekin
Şəhər Xalq Hökumətinin birgə təşəbbüsü ilə Pekində keçirilən xarici
məhsulların sərgi-yarmarkalarında nümayiş olunur.
Trend bu
barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, Çin Yeni ili ərəfəsində təşkil edilən və “Hamı
üçün böyük bazar: Çinə ixrac” şüarı altında keçirilən beynəlxalq
premium məhsullar sərgisi şopinq festivalı xarakteri daşıyır.
“Ölkəmizin Çində ticarət nümayəndəsi aparatının dəstəyi ilə
Pekindəki Azərbaycan Ticarət Evi paytaxtın “Ritan” və “Wanyuan –
Wangfujing Outlet” ticarət mərkəzlərində “Made in Azerbaijan”
brendi ilə istehsal olunan məhsulları, o cümlədən şərab və digər
spirtli içki növlərini, nar şirələrini, kompotları, mürəbbələri və
çayı xüsusi pavilyonlarda təqdim edir. Bundan başqa, pavilyonlarda
Azərbaycan şirniyyatları və milli mədəniyyətimizə aid suvenirlər də
təqdim olunur”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, 6 günlük silsilə yarmarkalar Pekinin Çaoyan və
Toncou rayonlarında keçirilir.

