
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik
yubiley tədbirlərində iştirak edən italiyalı qonağın səfərdən sonra
qələmə aldığı məqalə nüfuzlu Toskana jurnalında dərc edilib.
Bu barədə Trend-ə universitetin mətbuat xidmətindən məlumat
verilib.
Bildirilir ki, məqalədə Bakı və Florensiya arasında uzun
illərdir formalaşan akademik və mədəni əməkdaşlıq, sülh və
mədəniyyətlərarası dialoq kontekstində təqdim olunub.
Luca Chiarello tərəfindən yazılan “Firenze e Baku unite nella
costruzione dell’Industria della Pace” adlı məqalədə vurğulanır ki,
mədəniyyətlərarası dialoq təkcə simvolik tədbirlərlə deyil,
uzunmüddətli tərəfdaşlıq, qarşılıqlı etimad və konkret layihələr
vasitəsilə formalaşır. Müəllif qeyd edir ki, bu baxımdan AzMİU
Bakı–Florensiya əməkdaşlığının əsas akademik və institusional
mərkəzlərindən birinə çevrilib.
Məqalədə bildirilir ki, Palazzo Coppini, Fondazione Romualdo Del
Bianco – Life Beyond Tourism təşəbbüsü ilə həyata keçirilən
layihələr çərçivəsində Bakı “Sülh sənayesinin qurulması” ideyasının
mühüm beynəlxalq platformalarından biri kimi çıxış edir. Xüsusilə
müharibəni simvolizə edən metalın sülh rəmzinə çevrilməsi ideyasını
daşıyan “Stupore 1945–2025” layihəsinin ilk beynəlxalq təqdimatı
üçün Bakının və AzMİU-nun seçilməsi təsadüfi deyil.
Yazıda Bakı ilə əməkdaşlığın tarixi köklərinə də toxunulur. Qeyd
edilir ki, 2000-ci illərin əvvəllərində Florensiyada Palazzo
Vecchio-da keçirilən görüş zamanı Azərbaycan Memarlıq və İnşaat
Universiteti ilə tanışlıq baş tutub və bu tanışlıq sonradan 25
ildən artıq davam edən etibarlı və strateji tərəfdaşlığa çevrilib.
Bu əməkdaşlıq mədəni irsin dialoq məkanı kimi qəbul edilməsinə
əsaslanan ortaq baxış üzərində qurulub.
Məqalədə AzMİU-nun 50 illik yubileyi münasibətilə keçirilən
tədbirlər xüsusi vurğulanır. Bildirilir ki, Fondazione Romualdo Del
Bianco bu yubileyə dəvət olunmuş yeganə İtaliya institusiyası olub
və yüksək səviyyəli dövlət və ictimai nümayəndələrin iştirak etdiyi
tədbirlər AzMİU-nun regional və beynəlxalq miqyasda nüfuzunu bir
daha təsdiqləyib. Müəllif universiteti Qafqaz regionunda akademik
və mədəni şəbəkələrin formalaşmasında mühüm aktor kimi
dəyərləndirir.
Məqalədə AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə
Məmmədovanın rolu ayrıca qeyd olunur. Onun liderliyinin Bakı və
Florensiya arasında qurulan əməkdaşlığın əsas sütunlarından biri
olduğu, universitetin isə yalnız akademik tərəfdaş deyil, dəyərlərə
əsaslanan dialoqu praktik şəkildə həyata keçirən institusional
mərkəz kimi çıxış etdiyi vurğulanır.
Yazıda Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhərin UNESCO
Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi də geniş şəkildə
işıqlandırılır. Müəllif İçərişəhəri mədəni irsin qorunması ilə sülh
ideyalarının birləşdiyi canlı məkan kimi təqdim edir və AzMİU-nun
bu proseslərdə elmi-intellektual dəstəyini xüsusi qeyd edir.
UNESCO-nun “Heritage for Building Peace” çağırışının məhz bu
əməkdaşlıq kontekstində real məzmun qazandığı vurğulanır.
Məqalədə həmçinin AzMİU ilə əlaqəli olaraq Florensiya, Şəki,
Gəncə və Şuşanı əhatə edən mədəni təşəbbüslər, sərgilər, elmi
tədbirlər və “Danışan məkanlar” (Luoghi Parlanti) platformasında
Azərbaycanın yer alması qeyd edilir. Bu təşəbbüslər
universitetlərarası əməkdaşlığın mədəni diplomatiya müstəvisinə
keçidinin nümunəsi kimi dəyərləndirilir.
İtaliya nəşrində dərc olunan məqalə AzMİU-nun 50 illik
yubileyinin yalnız bir tarix deyil, universitetin beynəlxalq elmi,
mədəni və humanist dəyərlər üzərində qurulmuş fəaliyyətinin
təqdimatı olduğunu göstərir. Məqalədə Bakı–Florensiya əlaqələri
sülhə, dialoqa və ortaq gələcəyə xidmət edən mədəni körpü kimi
xarakterizə olunur.

