
Bakı. Trend:
Bələdiyyə gəlir və xərclərinin vahid portalının hazırlanması
istiqamətində işlər davam etdirilir.
Trend-in
məlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı
Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini
tapıb.
Bildirilib ki, Nazirlər Kabinetinin 2025-ci il 3 iyun tarixli
Qərarı ilə “Bələdiyyələrlə iş” informasiya sistemi (BİİS) haqqında
Əsasnamə” təsdiq edilib.
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair
2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər
Planında nəzərdə tutulan “Bələdiyyə gəlir və xərclərinin vahid
portal”nın yaradılması və bütün bələdiyyə xərclərinin portal
vasitəsilə həyata keçirilməsi, portalın açıqlığının təmin olunması
barədə tapşırıqdan irəli gələrək Əsasnaməyə əsasən qeyd edilən
portal BİİS-in strukturuna altsistem kimi daxil edilib.
Portalın altsisteminə daxil olan modullar vasitəsilə
bələdiyyələrin gəlir mənbələri və xərc istiqamətləri barədə
məlumatların toplanılması, emalı, axtarışı, təhlili, ötürülməsi və
yayımlanması, bütün bələdiyyə xərclərinin həyata keçirilməsi və
bələdiyyələrin maliyyə hesabatlarının elektron formada tərtib
edilməsi təmin olunacaq.
Qeyd edilib ki, hazırda portalın hazırlanması və açıqlığının
təmin olunması üzrə işlər davam etdirilməkdədir.

