
Bakı. Trend:
Bir sıra bələdiyyələrin birləşməsi nəticəsində ölkə üzrə
bələdiyyələrin sayı 57 % azalsa da, bir sıra
göstəricilər buna mütənasib şəkildə azalmayıb, əksinə müəyyən
sahələrdə artım müşahidə olunub.
Trend-in
məlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı
Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini
tapıb.
Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, onların
fəaliyyətinin təşkilinə kömək və metodoloji yardım tədbirlərinin
effektivliyinin yüksəldilməsi nəticəsində cari ildə fəaliyyəti
yoxlanılan bələdiyyələrin sayında 33 %, aidiyyəti
hüquq-mühafizə orqanlarına göndərilən materialların sayında
22 %, məhkəməyə göndərilən inzibati xəta haqqında
protokolların təmini nisbətində 11 % artıma nail
olunub.
Bununla yanaşı, əvvəlki illə müqayisədə bələdiyyələr tərəfindən
qəbul edilən aktların sayında cəmi 20 %, həyata
keçirilən maarifçilik tədbirlərinin sayında 7 % və
həmin tədbirlərə cəlb olunan iştirakçıların sayında cəmi
18 % azalma olub. Eyni zamanda dəyişdirilməsi və
ya ləğv edilməsi barədə təklif verilmiş aktların sayındakı
36 %-lik və “Bələdiyyələrlə iş” informasiya
sistemi vasitəsilə aktların elektron qaydada təqdim edilməsi
imkanının yaradılması sayəsində məhkəməyə göndərilmiş inzibati xəta
haqqında protokolların sayındakı 51 %-lik enmə
qeydə alınıb.

